Azərbaycanın Avropa çempionu: “Mükafatlandırma mərasimində göz yaşlarımı saxlaya bilmədim”

0
310

“Çox çətin görüşlər keçirdim. Ancaq yarışa özümü elə hazırlamışdım ki, çempion olacağıma əmin idim. Keçən il Avropa çempionatının finalında hakimlərin köməyi nəticəsində Petra Olli 1-ci oldu. Həmin üzüntünü hələ də unutmamışam. Bu dəfə Olliylə qarşılaşmadan əvvəl özümə dedim ki, bu dəfə mütləq mən qalib gəlməliyəm. Çox xoşbəxtəm. Böyüklər arasında ilk Avropa çempionluğumdur”.

Terefsiz.az saytının məlumatına görə, bu fikirləri Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Elis Manolova Güləş Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı onu təbrik edən, dəstək verən və onun üçün dua edən hər kəsə təşəkkürünü bildirib. O bildirib ki, arzularından biri də çempion olduqdan sonra Azərbaycan bayrağı ilə xalçada qaçmaq olub: “Mükafatlandırma mərasimində göz yaşlarımı saxlaya bilmədim. Mənim üçün duyğusal anlar idi. Bunu heç vaxt unutmayacağam”.

Manolova finalda 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, bir anlıq da olsa, ruh düşkünlüyü və məğlubiyyət qorxusu yaşamadığını vurğulayıb: “Qətiyyən təslim olmadım. Əksinə, bu, məni qələbə üçün daha motivasiyalı etdi. Uduzacağımı bir an belə düşünmürdüm. Sona qədər güləşdim, mübarizə apardım. Hesabda önə çıxacağımı bilirdim. Hakimlərin finalda rumıniyalı güləşçiyə simpatiya bəsləyəcəyini gözləyirdim. Rəqibi xalçadan kənarlaşdırmaqla almalı olduğum xal hesaba alınmayanda görüşün sonuna 17 saniyə qalırdı. Bu, qalib gəlmək istəyən idmançı üçün çox böyük vaxtdır. Bəzi güləşçilər sona 3-4 saniyə qalmış da 2 xal ala bilir. Çox şükür Allaha, mənə bu cəsarəti və gücü verdi. Son saniyələrdə xalımı alıb, hesabı lehimə çevirə bildim”.

Güləşçi son olaraq iyun ayında Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında 62 kq çəkidə çıxış etməyi düşündüyünü sözlərinə əlavə edib.

Terefsiz.az