Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası saat 18:00-dan müvəqqəti dayandırılır

0
84

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası saat 18:00-dan müvəqqəti dayandırılır.

“Terefsiz.az” xəbər verir ki,bu barədə “Report” xəbər yayıb.

Belə ki, Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub.

Ekofəallar bildiriblər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib.

Buna baxmayaraq, ekofəallar qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar.

Ekofəalların təmsilçiləri dövlət nümayəndələrinin dəfələrlə edilən çağırışına cavab olaraq, aksiyanın dayandırılması məsələsinə baxılması üçün aksiya iştirakçıları ilə ümumi məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildiriblər.

Günün birinci yarısında keçirilən görüşdən sonra ekofəallar müzakirə olunan məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün humanitar aksiyanın keçirildiyi əraziyə qayıdıblar.

Aksiya iştirakçılarının apardıqları məsləhətləşmə və müzakirələrdən sonra ekofəalların qəbul etdikləri qərar bir qədər əvvəl açıqlanıb və aksiyanın iştirakçıları olan qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin bəyanatı oxunub.

Bəyanatda deyilir:

“Qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası 138 gündür ki, davam edir.

Biz ötən müddətdə gecə-gündüz fasiləsiz keçirilən aksiyada təbii sərvətlərimizin talan edilməsi ilə bağlı şüarlar səsləndirmiş, beynəlxalq ictimaiyyət və təşkilatlardan Azərbaycan ərazilərində törədilən ekoloji cinayətlərə son qoyulmasını istəmişik. Gənc könüllülər və ekofəallar olaraq Azərbaycanın bu sahədə tələbini dünya ictimaiyyətinə çatdırmaqdan və öz haqlı mübarizəmizi aparmaqdan şərəf duyuruq!

138 gün ərzində minlərlə iştirakçının qatıldığı ekoloji aksiyada xalqımızın dəstəyini hər zaman hiss etmişik və bu dəstək bizi daha da ruhlandırmışdır. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır və sevindirir. Çünki sərhəd-nəzarət mexanizminin yaradılması yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və hərəkətin təhlükəsizliyini təmin etməklə istənilən təxribatın qarşısının alınmasına yönəlib. Azərbaycan ərazilərində qanunsuzluğun qarşısının alınmasına yönəlmiş bu qətiyyətli addım həm də aksiya iştirakçılarının hədəflərinə qismən çatması deməkdir.

Bildirmək istəyirik ki, biz ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik.

Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq!

138 gün ərzində bizə dəstək göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyimizin təmin edilməsində əməyi olanlara, sağlamlığımızın keşiyində duran könüllü tibb işçilərinə, aksiyamızın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasiya vasitələrinə dərin təşəkkürümüzü bildiririk!

Bir daha bəyan edirik:

Ekocinayətə son!

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan vahiddir, sərvətinə sahibdir!

28 aprel 2023-cü il”.

terefsiz.az