Azərbaycan fermerinin su problemini necə həll etmək olar?

0
71

Azərbaycanda fermerlərin su probleminin həlli ilk növbədə müasir (pivot) suvarma sistemlərinin quraşdırılması hesabına mümkün ola bilər.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.

“İndiyə qədər Azərbaycanda 56 min hektar sahədə pivot suvarma sistemləri quraşdırılıb, bu il daha 23 min hektarda müasir suvarma sisteminin tətbiqi gözlənilir. Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı Baş nazirin müvafiq sərəncamı əsasında aidiyyəti qurumların rəhbər şəxslərindən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupda təmsil olunan qurumların mütəxəssisləri monitorinqlər keçirir. Bunun nəticəsində 2023-cü ilin planı üçün 23 min hektarda pivot suvarma sistemlərinin qurulmasını hökumətə təklif etmişik. Həmin sahələr 48 təsərrüfat subyektini əhatə edir. Hazırda hökumət infrastruktur məsələlərinin həlli istiqamətində işlər həyata keçirir. Bu işlər tamamlandıqdan sonra yeni sahələrdə pivot suvarma sistemləri qurulacaq. Fərmanla qarşıya qoyulmuş bəlli hədəflərə çatmaq üçün aidiyyəti qurumlarla sıx əməkdaşlıq edirik”, – deyə o qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, pivot suvarma sistemlərinin statistikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) birlikdə müəyyən edilib: “Bizim monitorinqlərimizin nəticəsi ölkədə 56 min hektar sahədə pivot suvarma sisteminin tətbiq edildiyini göstərir. Ümumən ölkə üzrə 1,5 milyon hektar suvarılan sahə olduğunu nəzərə alsaq, 56 min hektar bu sahəyə nisbətdə böyük ərazi deyil. Bu göstəricinin artırılması hədəflənir. Müasir suvarma sistemlərinin genişləndirilməsi gələcəkdə su resurslarından, torpaqdan daha səmərəli istifadəyə, məhsuldarlığın yüksəlməsinə, eləcə də ərzaqlıq buğdanın istehsalında ciddi artıma səbəb olacaq. Sözügedən fərmanın icrası çərçivəsində ərzaqlıq buğda istehsal edən fermerlərimiz müasir suvarma sistemləri qurmaqla istehsal etdikləri ərzaqlıq buğdanın hər tonuna görə əlavə 100 manat məhsul subsidiyası əldə edəcəklər. Massiv sahəsi 50 hektardan yuxarı təsərrüfat sahibləri pivot suvarma sistemlərini qurmaqla ərzaqlıq buğda proqramına qoşula bilərlər. Bu, fermerlərimiz üçün çox yaxşı bir imtiyazdır. Onlar müasir suvarma sistemlərinə yatırdıqları investisiyaları subsidiyalar vasitəsilə qısa müddət ərzində qaytara bilirlər”.

Nazirlik rəsmisi xatırladıb ki, 2020-ci ildən etibarən ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb: “EKTİS kənd təsərrüfatı sahəsi üzrə geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan vahid bir sistemdir, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi tədbirlərinin bütün mərhələləri ilə bağlı biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edən şəffaf və operativ idarəetmə alətidir. Bu informasiya sistemi vasitəsilə bütün dövlət subsidiyaları fermerlərə interaktiv şəkildə təqdim edilir. Bununla yanaşı, Aqrar Subsidiya Şurasının qərarı ilə intensiv bağlara yüksək məbləğdə subsidiyalar verilir. Subsidiyaların verilməsində əsas şərtlərdən biri məhz müasir suvarma sistemlərinin tətbiqidir.

Bundan başqa, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin aprel ayında Su Komissiyası yaradılıb: “Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi həmin Komissiyanın koordinasiyası ilə həyata keçirilir. Bu komissiyanın tərkibində Kənd Təsərrüfatı Nazirliyi də təmsil olunur”.

F.Tağıyev kiçik ərazisi olan fermerlərin müasir suvarma sistemlərini quraşdırmağa maliyyə imkanlarının olmaması ilə bağlı məsələyə də münasibət bildirib: “Fermerlərimizə kooperativlərdə birləşməyi tövsiyə edirik. Onlar bu yolla müasir suvarma sistemləri qura bilər. Biz kooperativlərdə stimullaşdırmanı həyata keçiririk. Kooperativlərə dəstək olaraq digər fermerlərdən fərqli olaraq kooperativlərdə birləşmiş fermerlərimizə 10 % daha çox subsidiya ödəyirik. Burda subsidiya güzəştləri var, ona görə də təşviqlərdən yararlanaraq suya qənaetedici sistemlərin eləcə də innovativ sistemlərin tətbiqində kooperativlər də maraqlı olmalıdır.

Bununla yanaşı, dünya təcrübəsini də öyrənirik. Qardaş Türkiyədə torpaqların konsolidasiyası layihəsi tətbiq edilir. Bu layihənin məqsədi torpaqların xırda parsellarə parçalanma vəziyyətinin aradan qaldırılması, hər torpaq sahəsinin təsərrüfatlararası yol infrastrukturuna, suya və dranaj sisteminə çıxışının olmasıdır. Parçalanmış vəziyyət dedikdə əkin sahələrinin kəndin müxtəlif yerlərində yerləşməsi nəzərdə tutulur. Düşünürəm ki, yaxın gələcəkdə biz bu tip layihənin icrasına başlaya biləcəyik. Bu istiqamətdə Türkiyə və dünya təcrübəsi əsas götürülərək pilot layihələrin icrası üçün təkliflər hazırlanır. Torpaqların konsolidasiyası sisteminin tətbiqi əkin sahələrində müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsinə əsaslı şərait yaradacaq”.

terefsiz.az