Azərbaycan lideri: “Azad edilmiş ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq”

0
76

“Biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq”.

“Terefsiz.az” xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı iki ölkənin səmərəli əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu qeyd edib: “Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var. Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq. İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik. Bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Sammiti çərçivəsində Sizinlə keçirdiyimiz görüşü ən xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına yeni təkan verəcəkdir. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Çin dostluğu və strateji tərəfdaşlığı xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da genişlənməkdə və möhkəmlənməkdə davam edəcəkdir”.

terefsiz.az