Azərbaycan millisi Slovakiya yığması ilə qarşı qarşıya gəlib

0
147

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

“TEREFSİZ.AZ”ın məlumatına görə, Canni De Byazinin baş məşqşi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiyanı qəbul edib.

III tura təsadüf edən matçın əvvəli qonaqların üstünlüyü şəraitində keçsə də, tədricən təşəbbüsü ələ alan Azərbaycan millisi ardıcıl 2 epizodda təhlükəli hücumla yadda qalıb.

Əvvəlcə Azər Salahlının sol cinahda iki oyunçunu keçdikdən sonra qapı qarşısına iti ötürməsinə Emin Mahmudov istədiyi kimi zərbə endirə bilməyib. Ardınca isə Renat Dadaşov qapıçı ilə təkbətək dueldən məğlub ayrılıb. Hücumun davamında Salahlı topu ələ keçirsə də, fürsətdən yararlana bilməyib.

Hissənin sonlarına doğru Ramil Şeydayev sağ cinahda topu qəbul etsə də, qapıya zərbə endirmək mümkün olmayıb. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Tərəflər ikinci yarıya daha ehtiyatlı başlayıblar. 46-cı dəqiqədə Renat Dadaşovun yerinə meydana Mahir Emreli daxil olub. 55-ci dəqiqədə isə Qara Qarayev Riçard Almeydanı əvəzləyib. 1 saatın tamamında qonaqların fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub.

Yığmanın kapitanı Maksim Medvedev zədələndiyi üçün 65-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. 76-cı dəqiqədə rəqibin oyunçusu Lukaş Qaraslinin zərbəsi təhlükəli alınsa da, qapının yanından keçib. Baş məşqçi Canni De Byazi 79-cu dəqiqədə Abbas Hüseynova şans verib. 27 yaşlı müdafiəçi Emin Mahmudovun yerinə meydana daxil olub.

81-ci dəqiqədə Slovakiya millisinin futbolçusu Vladimir Vayss hesabı açıb. 83-cü dəqiqədə Lukaş Qaraslinin fərqi iki topa çatdırmasına Şahruddin Məhəmmədəliyev icazə verməyib. İki dəqiqə sonra Qaraslin topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.

Beləliklə, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Qeyd edək ki, ilk turda Qazaxıstan seçməsinə 0:2 hesabı ilə uduzan Azərbaycan millisi daha sonra Serbiyada Belarusla qolsuz bərabərə qalıb. Komanda iyunun 13-də IV turda Bakıda Belarus yığmasını qəbul edəcək. Qrupun digər görüşündə Qazaxıstan və Belarus milli komandaları 1-1 bərabərə qalıb.

3 Turdan sonra qrupa 7 xal ilə Qazaxıstan başçılıq edir,6 xalı olan Slovakiya 2-ci,tək xalımızı aldığımız Belarusiya milli komandası 3-cü,milli komandamız isə qrupda sonuncu yerdə qərarlaşır.Əgər yığmamız qrupu hal hazırdakı pillədə bitirsə,Avropa Millətlər Liqasının ən aşağı səviyyəsi olan D səviyyəsinə düçəcək.

 

TEREFSİZ.AZ