Azərbaycan Prezidenti: “Bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir”

0
59

“Bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir”.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.

“Müəyyən dövrdə kitablar, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilib. Siz o kitabın müəllifisiniz. Mən onu görmüşəm, amma onu Azərbaycanda çox adam görməyib. Yəni, siz təşəbbüs olaraq bunu, imkanınız çatan tərzdə özünüz etdiniz. Biz bunu dövlət səviyyəsində etməliyik, o kitabça bütün dillərə tərcümə edilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Çünki bu gün Ermənistan monodövlətdir. Biz bunu deyəndə, haqlı olaraq dünya ictimaiyyətinə bildiririk ki, bu, dözülməzdir”, – deyə Prezident qeyd edib.

Avrasiya məkanında, yeganə monodövlətin yalnız Ermənistan olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, başqa xalqları oradan müxtəlif yollarla çıxarıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar: “Bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin”.

terefsiz.az