“Yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır”.
“Terefsiz.az”ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.
Qeyd edək ki, bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı yaxın günlərdə Vaşinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə üçtərəfli görüşün keçiriləcəyini bildirib.