Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır.
“Terefsiz.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib.
“Bu, Türkiyənin Azərbaycanda turizm sənayesi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Türkiyədən daha çox turist cəlb etmək potensialımız var. Ölkələrimizin vətəndaşları yalnız şəxsiyyət vəsiqəsi ilə, vizasız və pasportsuz səyahət edə bilərlər”, – B.Əsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycan təbii sərvətlərlə və tarixi abidələrlə zəngindir və bu, ölkəni turistlər üçün cəlbedici edir.
“Azərbaycan yay, qış və müalicə turizmi infrastrukturunun inkişafına mühüm investisiyalar yatırıb. Bakı müasir və tarixi memarlığı ilə turistlərin diqqətini çəkir. Ölkənin şimalında, məsələn, Quba və Qusar şəhərlərində müasir qış turizmi mərkəzləri tikilib. Üç tarixi abidə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Bunlar Şirvanşahlar Sarayı və Bakının mərkəzində köhnə İçərişəhərin ərazisində Qız Qalasıdır. 2019-cu ildə siyahıya həm də ən cəlbedici turistik yerlər sırasında olan Şəki şəhərinin tarixi mərkəzi də daxil edilib. O, tarixi İpək Yolunun üzərində yerləşir”, – B.Əsgərov əlavə edib.
Büro nümayəndəsi onu da xatırladıb ki, bu yaxınlarda Şamaxı şəhəri Türk Dövlətləri Təşkilatı tərəfindən 2023-cü ildə türk dünyasının turizm paytaxtı elan edilib.