Azərbaycanda dərman vasitələrinin qiymətləri necə tənzimlənir?

0
137

Dərman vasitələri bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə qiymətlərin sərbəst olması nəinki ucuzlaşmanı təmin etmir, əksinə bahalaşmanı stimullaşdırır.

Vətəndaş digər məhsullardan fərqli olaraq dərman vasitəsini öz istəyi və seçimi əsasında almır, həkimin təyin etdiyi malı almağa məcburdur. Qiymətlər sərbəst olduğu halda isə “marketinq firmaları” bundan istifadə edərək müxtəlif “yollarla” qiymətləri dəfələrlə artırırr. Məhz bu səbəbdən inkişaf etmiş, liberal iqtisadiyyata malik Avropa ölkələrində də qiymətləri bu və digər formada dövlət tənzimləyir. Bu halda dərman istehsalçıları da həmin ölkələr üzrə daha münasib qiymət siyasəti həyata keçirirlər.

Dərman vasitələri bazarında şəffaflığın təmin edilməsi, ictimai və dövlət nəzarətinin gücləndirilməsi, əhalinin və dövlət büdcəsinin dərman vasitələri ilə bağlı xərclərinə, ölkədən valyuta çıxışına qənaət olunması, süni qiymət artımının və kəskin məzənnə dəyişikliyi şəraitində qiymətlərlə manipulyasiyaların qarşısının alınması, dərman vasitələrinin bütün apteklərdə eyni qiymətə satılması və istehlakçıların ucuz aptek axtarmaq zərurətinin aradan qaldırılması kimi məsələlər qiymətləri dövlətin tənzimlənməsini stimullaşdıran əsas amillərdir.

Eyni zamanda, dünyadakı mütərəqqi tendensiyalara uyğun olaraq, ölkəmizdə də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, xüsusilə üzən məzənnə rejimi şəraitində həm idxalçılar, həm də investorlar üçün bazarın proqnozlaşdırıla bilən olması, əczaçılıq sahəsində yerli istehsalın inkişafı, icbari tibbi sığorta sisteminin tətbiqi baxımından əhəmiyyət kəsb edir.

Dərman vasitələrinin qiymətlərinin dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan bahalaşmanın qarşısını almaq və optimal qiymətlərin tətbiqinə nail olmaqdır. Əczaçılıq subyektləri gəlirlərinin çox olması üçün əsasən yuxarı qiymətlərin, istehlakçılar isə xərclərinin az olması üçün aşağı qiymətlərin təsdiq olunmasını arzu edirlər. Optimal qiymət mümkün olan qiymətdir, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatının mümkün olduğu minimal qiymətdir.

Tənzimləmə üsulu, qiymətin formalaşması və əhatə dairəsi

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizminin formalaşdırılması məqsədilə 20-yə qədər ölkənin təcrübəsi öyrənilib.

Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi “Dərman vasitələri haqqında” qanunla və bir necə normativ-hüquqi aktla həyata keçirilir.

Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanda tətbiq edilən metod “referans qiymət yanaşması” adlanır və beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur. Mövcud qanunvericilikdə də göstərilib ki, qiymətlərin tənzimlənməsi həyata keçirilən zaman ən azı 5 istinad ölkəsi elan edilməlidir. Amma Tarif Şurası daha ədalətli və optimal qiymətin müəyyən edilməsi məqsədilə 10 istinad ölkəsi müəyyən edib. Bunlar isə Bolqarıstan, Fransa, İspaniya, İtaliya, Macarıstan, Polşa, Portuqaliya, Sloveniya, Türkiyə və Yunanıstandır.

Bu addım onunla əsaslandırılır ki, müşahidələrin, nümunələrin sayı artdıqca nəticələr reallığı daha yaxşı əks etdirir. İstinad ölkələri seçilərkən həmin ölkələrdə tənzimləmə təcrübəsi, informasiya mənbələrinə çıxış imkanları, əczaçılıq sənayesinin inkişafı, dərman vasitələrinin qiymətləri və s. kimi məsələlər nəzərə alınıb.

Azərbaycanda dərman vasitələrinin qiymətləri hesablanarkən onların təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınır. Həmçinin seçilmiş istinad ölkələrində topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis (baza) qiymətlər müəyyən edilir.

Məhz bundan sonra baza qiymət əsasında ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır. Amma dərmanın topdansatış və pərakəndə satış qiymətini təsdiq etmək üçün Azərbaycanın mövcud qanunvericiliyindəki bəzi əlavələr nəzərə alınır və ƏDV hesablanır.

Bundan sonra isə dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur.

Tarif Şurası dərman vasitələri ilə bağlı qərarını açıqlayarkən həm əhalinin sosial kəsimini, həm də sahibkarların da mövqeyini nəzərə alır. Əslində ölkəmizin istinad elədiyi ölkələrdəki mütərəqqi təcrübə də bunu tələb edir.

Bu baxımdan demək lazımdır ki, Azərbaycan qanunvericiliyində həm topdansatış əczaçılıq müəssisələri, həm də aptek təşkilatları üzrə məqbul səviyyədə marja nəzərdə tutulub. Məqbul səviyyə dedikdə hər biri üçün 20% nəzərdə tutulur.

Avropa ölkələrində də ən geniş tətbiq olunan mexanizm referans qiymət sistemidir. Bu zaman qiymətlərin endirilməsi istiqamətində rəqabət mümkündür. İstehsalçı daha aşağı qiymətin təsdiq olunmasını istəyirsə, bunun üçün müvafiq qaydada müraciət edir və qiymət yenidən endirilir.

Əgər istehsalçı və yaxud onun müvəkkil etdiyi şəxsin əsaslandırılmış müraciəti olarsa dərman vasitələrinin qiymətlərinə yenidən baxıla bilər. Nəzərə almaq lazımdır ki, bunun üçün həmin dərman vasitələri əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb etməli və ölkədə istehsal edilməməlidir. Həmçinin tələblərdə o da göstərilir ki, qiymət tənmzimlənməsi üçün müraciət edilən dərman vasitəsi idxalı səmərəli olmalı və ya alternativləri yəni əvəzediciləri olmamalıdır.

Bundan əlavə o, Tarif Şurasının müvafiq təlimatında qeyd olunan tələblərə cavab verməlidir.

Bütün bu tələblərə əməl edildikdə dərman tariflərinə kollegial qaydada Tarif Şurasında yenidən baxılması üçün Səhiyyə Nazirliyinin müvafiq rəyinin olması da tələb olunur.

Hazırda Azərbaycanda tətbiq olunan metodologiyaya əsasən İspaniya, Portuqaliya, Yunanıstan, Macarıstan, Türkiyə və sair ölkələrdə olduğu kimi, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini dövlət tənzimləyir. Beynəlxalq təcrübə göstərir ki, bütün dərman vasitələrinin qiymətlərini dövlət tənzimləmədiyi təqdirdə bir sıra subyektiv səbəblərdən ölkədə dərman vasitələrinə olan tələbatın artması ilə müəyyən problemlər ortaya çıxır. Belə ki, tələbat artdıqca qiymətləri tənzimlənən dərman vasitələrindən qiymətləri tənzimlənməyən dərman vasitələrinə doğru dəyişir.

Belə subyektiv səbəblərə “idxalçı-həkim-aptek” sövdələşməsi, vətəndaşın digər məhsullardan fərqli olaraq öz istəyi və seçimi əsasında deyil, həkimin ona təyin etdiyi dərman vasitəsini almaq məcburiyyətində olması və s. göstərmək olar ki, bu da sivil ölkələrdə qəbuledilməz hesab edilir.

Dolayısı ilə bütün dərman vasitələrinin qiymətlərini dövlət tənzimləmədiyi halda dərman bazarında xaotik vəziyyət yarana bilər. Hansı ki, həmin durum ölkəmizdə dərman vasitələri bazarında tənzimləməyə qədər mövcud olub və hazırda da bioloji fəallığa malik qida əlavələri bazarında müşahidə olunur.

Məzənnə dəyişikliyi

Azərbaycan qanunvericiliyinə əsasən milli valyutamız olan manatın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 %-dən artıq dəyişmələr olduqda qiymətlərə növbədənkənar qaydada yenidən baxılır.

Son dəfə dərman vasitələrinin qiymətlərinin manatın məzənnəsinə uyğunlaşdırılması 28 noyabr 2016-cı ildə həyata keçirilib və 1 ABŞ dolları 1,7196 manata bərabər olub. Həmin tarixdən sonra məzənnədə kəskin dəyişiklik olmadığı üçün dərman vasitələrinin qiymətləri üzrə məzənnəyə görə indeksasiya aparılmayıb.

Reallıq onu göstərir ki, digər ölkələrlə müqayisədə Azərbaycan dərman vasitələri ilə bağlı qiymət tənzimlənməsi sahəsində ən stabil qiymət siyasəti həyata keçirən ölkədir. Bir faktı nəzərə almaq lazımdır ki, Azərbaycan dərman vasitələrinin mütləq əksəriyyətini idxal edir. 2015-ci ilin əvvəlində 1 ABŞ dolları 0,78 manat təşkil etdiyi halda, hazırda 1,7 manat səviyyəsindədir və etiraf etmək lazımdır ki, əgər tənzimlənmə aparılmasaydı, qiymətlər indiki səviyyədən dəfələrlə artıq olacaqdı.

Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin əsaslı hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də aşağıdır.

Tənzimləmənin nəticələri

Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb, proses intensiv şəkildə davam etdirilir və sonuncu tənzimləmə Tarif Şurasının bu il iyulun 26-da keçirilmiş növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsini əhatə etməklə aparılıb. Beləliklə, müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla indiyə qədər dövlət qeydiyyatına alınmış 13 369 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Qanunvericiliyə uyğun olaraq, dərman vasitələri bütün aptek təşkilatlarında eyni qiymətlərlə Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satılır. İstehsalçının və yaxud onun müvəkkil etdiyi şəxsin müraciəti əsasında dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan, Səhiyyə Nazirliyi onun idxalına icazə verdikdən və Tarif Şurası qiymətləri təsdiq etdikdən sonra həmin dərman vasitəsinin aptek təşkilatlarında satışına icazə verilir.

Ümumilikdə, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi qara bazarın əsas alətlərinin yoxa çıxmasına səbəb olub. Belə ki, tənzimlənmə nəticəsində sivil ölkələrdə, həmçinin nüfuzlu əczaçılıq şirkətləri tərəfindən qeyri-etik hesab edilən “idxalçı-həkim-aptek” sövdələşməsinə əsaslanan “marketinq” əlaqələrinin formalaşması ilə bağlı “stimulu” da minimuma endirib.

Həmçinin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib. Məsələnin həm sosial, həm də iqtisadi əhəmiyyəti nəzərə alınaraq dərman vasitələri bazarında tənzimləmədən əvvəl müşahidə edilən xaotik vəziyyət aradan qaldırılıb.

Hazırda Azərbaycanda tarif tənzimlənməsi zamanı istinad ölkələrində olan rəsmi və açıq mənbələrə istinad edilir. Həmin mənbələrə keçidlər (ünvanlar) və dərman vasitələri qiymətlərinin tənzimlənməsi ilə bağlı normativ hüquqi sənədlər Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (http://tariff.gov.az/?/az/content/177/) yerləşdirilib və hər kəs üçün açıqdır.

İstənilən şəxs qaydalara, təlimata, istinad ölkəsində olan qiymətlərə əsasən hesablanmış qiymətlərə nəzarət həyata keçirə bilər.

Dərman vasitələrinin üzərində təsdiq edilmiş qiymətlərin göstərilməsi və Tarif Şurasının rəsmi internet səhifəsində tənzimlənmiş qiymətlərin yerləşdirilməsi qiymətlərə alıcıların ictimai nəzarətinə imkan yaradır.

Mənbə:”Report”

terefsiz.az