Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

0
74

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova həbs olunub.

Bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov “Max Telegraf” nəşrinə açıqlama verib.

Mütəxəssis bildirib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu 9 ay müdddətinə azadlıqdan məhrum edilib.

Kişkilovun sözlərinə görə, hazırda Sliven həbsxanasında olan Kostova dopinq səbəbindən cəzalandırıldıqdan və ötən il Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında qazandığı qızıl medaldan məhrum edildikdən sonra depressiyaya düşüb: “Onun başqa peşəsi yoxdur. Yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar”.

Məşqçi titullu atletin bu ilin noyabrında həbsdən çıxacağını söyləyib: “8 ay Plovdivdə istintaq təcridxanasında oldu. Bir kamerada üç qadın var idi. Həmin dövr çox çətin keçdi. Qadınlardan biri qatil, digəri dələduz idi. Bilmirəm necə sağ qaldı. Depressiyaya düşdü, amma bacardı. O, artıq iki aydır ki, Sliven həbsxanasındadır. Kostova ilə psixoloqlar işləyir. Prokurorluq 3 il həbs istəyirdi, amma bunun baş verməməsi üçün hər şeyi etdim”.

Qeyd edək ki, Boynaka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 – 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.

terefsiz.az