Azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın “Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb.
Bu barədə “Futbol+” qəzeti məlumat yayıb.
Nizami Piriyev 1958-ci il yanvarın 11-də dünyaya gəlib. O 1992-2002-ci illərdə “PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti, Rusiyanın “StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.
Nizami Piriyev ad-soyadını Azərbaycan Respublikasına daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ölkəmizə səfər edən zaman tanıdıb.
Bleyeri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Bleyerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.
Ölkəmizdə həmçinin “KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.
Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli Piriyevlərin sərvəti barədə məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.