Azərbaycanlı şagirdlər Nyu-Yorkda Olimpiadanın qalibi olublar
Terefsiz.az saytı xəbər verir ki, 17-22 iyunda ABŞ-ın Osuiqo şəhərində (Nyu-York ştatı) Nyu-York Dövlət Universitetinin himayədarlığı ilə 9-cu “Dahilər Olimpiadası” (Genius Olympiads) keçirilib.
73 ölkədən 1500 şagirdin qatıldığı olimpiadada təbii elmlər, biznes, incəsənət, robotexnika və kreativ bacarıqlar üzrə yazılı işlər qəbul olunub.
Olimpiadada Azərbaycanı iki şagird – İbrahim Bağırov və Ələsgər Sadiqov təmsil edib. Şagirdlərimiz 420 layihənin təqdim edildiyi “Təbii elmlər” kateqoriyasında iştirak edib. Azərbaycanlı şagirdlərin Neft-kimya prosesləri İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “EkoDizel – Nano – emulsiya dizeli” layihəsi münsiflər tərəfindən maksimum ballar və ilk yerə görə qızıl medal qazanıb.
Azərbaycanlı şagirdlər İbrahim Bağırov və Ələsgər Sadiqov Azərbaycan bayrağını ucaldıblar. “Dahi” şagirdlərə uğurlar arzu edirik!
Terefsiz.az