“Azərxalça” müflis elan edilməsini istədi

0
196

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ləğv prosesində olan “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair ərizəsinin mümkünlüyünə baxılıb.

Terefsiz.az saytı Oxu.az – a istinadən xəbər verir ki, ərizədə “Azərxalça” Elmi Yaradacılıq İstehsalat Birliyinin müflis elan edilməsi, cəmiyyətin iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilib. 

Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, ərizəçi (borclu) tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası  Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.

Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ləğv prosesində olan “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ümumilikdə 405.006,4  manat borcu mövcuddur. Həmin borcun 17.327,01 manat hissəsi vergiyə, digər 72.366,42 manat hissəsi isə sosial sığorta borcuna aiddir.

Bu borclar ilə bağlı ərizəçi öz ərizəsində kreditor qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini göstərib.

Buna baxmayaraq, ərizəçi sözügedən 405.006,4 borcunun 296.389 manat hissəsini isə yalnız kredit borclarının olması ilə əsaslandırıb, lakin mövcud olan kreditorların siyahısını ərizəyə əlavə etməyib.

Belə olduğu halda, məhkəmə hesab edib ki, ləğv prosesində olan “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ərizəni “Müflisləşmə və iflas” haqqında Qanunun tələblərinə, eyni zamanda Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etməyərək məhkəməyə təqdim etdiyindən, ərizə geri qaytarılmalıdır. 

Məhkəmə izah edib ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Terefsiz.az