“Azercell Telekom”a yeni prezident təyin olunub

0
158

Zərinə Zeynalova “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinə təyin edilib.

Zərinə Zeynalova Birləşmiş Krallığın Nottingem Trent Universitetinin İnsan Resurslarının İdarəedilməsi və İnkişafı üzrə diplomuna malikdir, ABŞ-ın Texas A&M Universitetinin İcraedici Rəhbər üzrə İnkişaf Proqramının məzunudur. O, İnsan Resurslarının İdarəedilməsi və İnkişafı üzrə Akkreditə Olunmuş İnstitutun (CIPD) üzvüdür. Azərbaycan Tibb Universitetinin bakalavr pilləsi üzrə məzunudur.

Z.Zeynalova dünyanın müxtəlif coğrafi bölgələrində 25 ildən artıq idarəetmə və təşkilati inkişaf üzrə peşəkar təcrübəyə malikdir. O, 20 il müddətində BP şirkətinin Azərbaycan, Birləşmiş Krallıq və ABŞ ofislərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Həmçinin “PricewaterhouseCoopers” (PwC) və “Pasha Construction Group” şirkətlərində rəhbər vəzifələrdə işləyib.

Qeyd edək ki, “Azercell Telekom” MMC-nin öncəki rəhbəri Vahid Mürsəliyev müqavilə müddəti bitdiyi üçün tutduğu vəzifədən ayrılıb.

Lider mobil operatorun yeni prezidentinin əsas prioriteti Azercell-in kommunikasiya üzrə fəaliyyətinin inkişafı ilə yanaşı Azərbaycanda rəqəmsal transformasiyada qabaqcıl mövqeyini təmin etmək olacaq.