Azər Cəfərov – İşıq Erasının astanasında

0
138

İşıq Erasının astanasında

Deyəcəklərim bəlkə də bir çoxlarına qəribə gələcək: XXI əsrin “orta əsrlər”ində yaşayırıq. Dünya 1000 il əvvəl, yəni Orta Əsrlərdə olduğu kimi öz siyasi və iqtisadi maraqlarını güdən dövlətlərə parçalanıb. Siyasi, iqtisadi, mədəni sərhədlər hörmçək toru kimi bütün planeti bürüyüb. O zaman olduğu kimi indi də özünün “sonuncu həqiqət” olduğunu iddia edən və cəhalət bataqlığında batan dinlər və məzhəblər milyardlarla insanın düşüncəsinə hakimdir. Yenə də o dövrlərdə olduğu kimi irqi, dini, etnik, cinsi, sosial ayrı seçkilklər insan cəmiyyətini daxildən parçalayıb. 1000 il əvvəl insanlar müharibə və qiyamlardan, pandemiyalardan, təbii fəlakətlərdən, cinayətkarlıqdan əziyyət çəkirdi, indi də. O zamanlarda da təbiətə istehlakçı vəhşi münasibət var idi, indi də “ekoloji mədəniyyət”, “təbiətə humanist münasibər” kimi gözəl ifadələrlə bəzədilərək daha böyük miqyasda təbii resursların talanması, canlı varlıqların məhv edilməsi, hava və su hövzələrinin çirkləndirilməsi davam etməkdədir. O zaman da “padşah”, “hökmdar”, “təəbə”, varlı-kasıb, zalım-məzlum var idi, indi “liberalizm”, “demokratiya”, “azad vətəndaş cəmiyyəti” pərdəsi altında böyük sərvət sahiblərinin, transmilli şirkətlərin sərvətləri qorunur, ifrat varlılıq və yoxsulluq daha böyük miqyasda dərinləşməkdədir. O zaman olduğu kimi indi də milyonlarla insan aclıq və xəstəliklərdən əziyyət çəkir, təhsil və səhiyyə xidmətlərindən məhrumdur. Planetin təbii, texniki, iqtisadi, maliyyə və insan resursları müharibə hazırlıqlarına, siyasi və iqtisadi çəkişmələrə, bir ovuc insanın sərvət içində üzməsinə, mənasız əyləncələrə, idman yarışlarına və şoulara israf edilir.

Bəşəriyyət mükəmməldikdən necə də uzaqdır, O, özünü və yaşadığı planeti məhv etməkdədir. O, siyasi, dini, milli, irqi, cinsi xurafatlar zəncirinə bağlanmış və ondan azad olmaq gücündə olmayan köləni xatırladır. O, HƏQİQİ AZADLIĞA çatmağın yolunu bilmir, o barədə heç düşünmür də.

İnanıram ki, bir gün zəncirlər qırılacaq, “Qaranlıq erası” başa çatacaq, İşıq Erası öz qapılarını Bəşəriyyətin üzünə taybatay açacaq. Bəşəriyyət qamətini düzəldib, Azadlıq Məşəlini başı üzərində qaldıracaq. Xurafatlar tarixin zibilxanasına atılacaq. Sərhədlər yox olacaq və Yer kürəsi insanların Bir Ümumi Vətəninə çevriləcək. Dünyanın resursları Bəşəriyyətin ümumi sərvəti olacaq, millətlər və insanlar arasında ədalətlə bölünəcək, elmin, səhiyyənin, təhsilin inkişafına sərf olunacaq. Elm və texnologiyalarda ağlagəlməz sıçrayışlar baş verəcək. Xəstəlik, aclıq, yoxsulluq və təbii fəlakətlər yalnız qorxunc yuxu kimi xatırlanacaq. Bəşəriyyətin imkanları Biosferin bərpasına, Yer kürəsini cənnətə çevirməyə, Kainatın fəthinə və mənimsənilməsinə sərf olunacaq. Bəşəriyyətin yeganə qayğısı yaxın və uzaq Qallaktikalara uçuşların təşkili və Sivilizasiyanın sərhədlərinin genişləndirilməsi olacaq.

Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti,
Bəhai dini icmasının
ictimai Əlaqələr ofisinin koordinatoru

 

 

Terefsiz.az