“AZƏRBAYCAN KİNO SƏNƏTİ TARİXİ” 4 CİLDLİYİ NƏŞRƏ HAZIRLANIR

0
192

Azərbaycan Kinematoqrafçılar İttifaqının təqdimatında “Azərbaycan kino sənəti tarixi” 4 cildliyi nəşrə hazırlanır.

Terefsiz.az xəbər verir ki, tanınmış yazar, ssenarist, kino tarixi tədqiqatçısı  Nəriman Əbdülrəhmanlının müəllifi olduğu “Azərbaycan kino sənəti tarixi” 4 cildlik monoqrafiyasında 19-cu əsrdən 2018-ci ilə qədər Azərbaycan kinosu tarixi araşdırılır. Burada təkcə kinofilm istehsalı deyil,  kinotexnikanın, kinoprokatın, kinolaşdırmanın, eləcə də ekran sənətinin bütün sahələrinin inkişafı izlənir və Azərbaycan kinosunda xüsusi rolu olan sənət adamlarının tutumlu portretləri yaradılır. Monoqrafiyanın dəyərli cəhətlərindən biri də sırf arxiv materialları və ilkin mənbələr əsasında qələmə alınması, 120 illik kino tariximizə dair qiymətli, ilk dəfə üzə çıxarılan sənədlərlə yanaşı, nadir fotoşəkillər və kinematoqrafçıların bioqrafik məlumatlarının əks etdirilməsidir. Azərbaycan ekran sənətinə dair fundamental araşdırma olan monoqrafiyanın  müəllimlər, tələbələr, araşdırmaçılar və kino tarixi ilə maraqlanan bütün oxucular üçün maraqlı olacağına, mədəniyyət tariximizdəki mühüm bir boşluğu dolduracağına şübhə yoxdur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının məlumatına görə, təşkilat kino tariximizin daha dərindən öyrənilməsini, kinoşünaslığın inkişafını, kino nəzəriyyəsinin formalaşmasını ümumi kinomuzun inkişafı üçün mühüm amil hesab edir. Bu baxımdan da Nəriman Əbdürrəhmanlının böyük zəhməti hesabına ərsəyə gətirdiyi, fundamental layihəni dəstəkləməyi özümümzə borc bildik. 4 cildlik kinomuz üçün böyük təhfədir.

Xatırladaq ki, “Azərbaycan Kino sənəti tarixi” 4 cildliyinin layihə rəhbəri Rüstəm İbrahimbəyovdur.

aki.az