Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Tovuz istiqamətində gecə boyu atışmanın davam etdiyini açıqlayıb.
Atışmanın çərşənbə günü günorta saatlarında başladığı bildirilirdi.
Toqquşmalarda Azərbaycan bir, Ermənistan üç hərbçisinin həlak olduğunu bildirib.
Azərbaycan Müdafiə Nazirliyi gecə boyu baş vermiş atışma zamanı Azərbaycan tərəfindən itki olmadığını, hazırda həmin istiqamətdə “nisbi sakitlik” yarandığını bildirib.
Ermənistan hələ ki, bu barədə açıqlama verməyib.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və mənalı dialoqa başlamağa çağırıb, təşkilatın fəaliyyətdə olan sədrinin mətbuat katibi, Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartosz Kempinski Ermənistanın Armenpress dövlət agentliyinə bildirib.
Yanvarın 12-də Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənova Azərbaycan-Ermənistan sərhədində Azərbaycan hərbçisinin həlak olması barədə başsağlığı verib.
Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışarkən Qarabağdakı vəziyyəti müzakirə edib.
Ermənistan daha bir hərbçisinin öldüyünü açıqlayıb
Ermənistan çərşənbə axşamı Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında baş vermiş atışmada daha bir hərbçisinin həlak olduğunu açıqlayıb.
Ermənistan bundan öncə iki hərbçisinin öldüyünü bildirmişdi.
Ermənistan MN-nin çərşənbə günü yaydığı məlumata görə, atışmada həlak olmuş üçüncü hərbçinin – 2003-cü il təvəllüdlü Vaqan Babayanın meyitinin toqquşma baş verən ərazidə tapıldığı bildirilir, Azadlıq Radiosunun erməni xidməti yazıb.
Qurum yaralanan hərbçilərin vəziyyətinin sabit olduğunu, həyatlarına təhlükə olmadığını bildirib.”
Ötən gün nə baş verib?
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, günorta saatlarında Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində Azərbaycanın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ayaz Nəzərov həlak olub.
Nazirlik hadisənin “Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində” baş verdiyini açıqlayıb.
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, həmin gün saat 15:15 radələrində Geğarkunik vilayəti Verin (Yuxarı) Şorja yaşayış məntəqəsi yaxınlığındakı erməni döyüş mövqelərinin “Azərbaycan silahlı qüvvələri bölmələri tərəfindən atəşə tutulması” nəticəsində iki hərbçi – Artur Mxitaryan və kiçik serjant Rudik Ğaribyan həlak olub. Daha iki nəfərin yaralandığı və onların həyatına təhlükə olmadığı bildirilir.
Ermənistan Müdafiə Nazirliyi saat təxminən 17:30-dan Azərbaycan bölmələri tərəfindən erməni mövqelərini artilleriya və PUA-dan “yenidən atəşə tutulduğunu” bildirib. Ermənistan MN-nin saat 18:30-a olan məlumatına görə, tərəflər arasında atəş “davam edir”, erməni tərəfindən “yalnız 3 hərbçinin yaralandığı” haqqında dəqiq məlumat var.
Tərəflər sərhəddə baş verən atışma ilə bağlı məsələnin ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried ilə müzakirə olunduğunu bildirirlər. Bu barədə Azərbaycan və Ermənistan XİN mətbuat xidmətlərinin məlumatında deyilir.
Məlumata əsasən, ABŞ rəsmisi ilə söhbət vaxtı Azərbaycanın xarici işlər naziri Ermənistan tərəfinin sərhəddə “təxribatı davam etdirdiyini” Ermənistanın xarici işlər naziri isə Azərbaycan tərəfindən “atəşkəs rejiminin pozulması” barədə məlumat verib.
Azərbaycan çərşənbə axşamı günorta saatlarından bəri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşdiyini açıqlayıb, yerli media yazır. Azərbaycan Müdafiə Nazirliyi aviasiya vasitəsi və artilleriyadan istifadə etmədiyini, amma qarşı tərəfin susdurulması üçün “adekvat cavab tədbirləri həyata keçirdiyini deyib, media bildirir.
“Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, Azərbaycan MN bildirib.
Bu, son iki ayda sərhəddə Azərbaycan və erməni qüvvələri arasında ilk ciddi insidentdir. Son dəfə atəşkəs rejiminin pozulması nəticəsində 16 noyabr döyüşlərində 6 hərbçisinin həlak olduğu, 32 nəfərin əsir düşdüyünü, Azərbaycan isə 7 hərbçisinin həlak olduğu, 10 nəfərin yaralandığını bildirmişdi.”
İstinad: BBC.com
Terefsiz.az