Azərbaycan qadının cəmiyyətdəki rolu BMT-də dünya ölkələrinə örnək model olaraq təqdim olunub

0
84

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Qadınların Statusu üzrə Komissiyanın 67-ci sessiyası işinə başlayıb.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, “İslamda qadın – İslam dünyasında qadınların hüquqları və kimliyi” mövzusunda keçirilən sessiyaya İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sədri kimi Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari rəhbərlik edib.

Nazir çıxışında bildirib ki, İslam qadınlara hüquq verən ilk dindir. O öz ölkəsində qadınlarla bağlı müxtəlif mənfi göstəricilərə məhəl qoymayaraq, İslamın qadınları sıxışdırdığına dair ümumi təsəvvürə qarşı olduğunu deyib: “İslam qadınlara qarşı haqsızlığı qadağan edir. Biz qadınların müxtəlif sahələrdə uğurlar qazanması və cəmiyyətdə layiq olduğu yerdə olması üçün birgə mübarizə aparmalıyıq. Bu gün Əfqanıstanda qadınların hüquqları əllərindən alınıb. Məqsədimiz odur ki, bütün cəmiyyətlərdə qadınların haqları və hüquqları bərqərar olunsun”.

Sessiyada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda qadın haqlarının və hüquqlarının qorunması, qadının cəmiyyətdə rolu və mövqeyi mövzusunda dünyanın örnək ölkələrindən olduğunu deyib.

Sədr müavini bildirib ki, hələ orta əsrlərdə Azərbaycanda qadınlar mühüm ictimai fəaliyyətlər həyata keçirib və təsadüf deyil ki, məhz Şərqdə ilk qızlar məktəbi də, Azərbaycanda açılıb: “Azərbaycan qadınları hələ XV əsrdə mürəkkəb diplomatik danışıqlar aparmış və kifayət qədər uğurla aparan məşhur diplomat Sara Xatunu, XVIII əsrin ictimai fəal qadını Natəvanı nümunə göstərə bilərik. Şərqdə qadınların statusu ilə bağlı yanlış stereotipləri inkar edən bu tək fakt onu sübut edir ki, hələ orta əsrlərdə Azərbaycanda qadınlar mühüm ictimai fəaliyyətlər həyata keçiriblər. Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququ verib. Onu da qeyd etmək istərdim ki, 1901-ci ildə Şərqdə ilk qızlar məktəbi Azərbaycanda açılıb. Həmçinin Azərbaycanda ilk qadın “İşıq” qəzeti 1911-ci ildə işıq üzü görüb. Qızların təhsilə cəlb olunması istiqamətində bu gün də fəaliyyətlər davam etdirilir. Belə ki, Azərbaycanda qızların təhsilinə dəstək məqsədilə hər il 11 Oktyabr – Beynəlxalq Qızlar Günündə “Gənc Qızların Təhsilinə Dəstək – 2022” kampaniyası həyata keçirir. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan tələbə qızlara təqaüd təyin edilir. Azərbaycan dövləti qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verir, onların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakını təmin etməyə yönəlmiş siyasət aparır”.

S. Qəhrəmanova əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradıb: “Hazırda Azərbaycanda dövlət qulluğunda qadınların təmsilçiliyi 29 %, qərar qəbuletmədə 18,2 %, elmi işçilərin 58 %-dir. Bələdiyyələrin tərkibində bu gün qadınların təmsilçiliyi 39 % təşkil edir. Hakim qadınların sayı 91 nəfərdir. Qadın hüquqlarının müdafiəsi istiqamətində ən vacib məsələlərdən biri onların iqtisadi imkanlarını və təşəbbüskarlığını artırmaqla iqtisadi asılılığının azaldılmasına nail olmaqdır. Ölkənin regionunda yaradılan Qadın Resurs Mərkəzləri qadınların iqtisadi gücləndirilməsi və iştirakçılığının artırılması üçün sistemli şəkildə iş aparır. Qadınların iqtisadi güclənməsi istiqamətində müxtəlif ictimai təşkilatlar – “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası”, “Kənd Qadınları Assosiasiyası” fəaliyyət göstərir. Gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə bələdiyyələrdə Gender Komissiyaları yaradılmış, ölkənin əksər dövlət, özəl müəssisə və təşkilatlarında bərabər imkanlar yaratmaqla gender məsul şəxslər təyin olunmuşdur. Azərbaycan bu uğurlu təcrübələrini dünya ölkələri ilə paylaşmağa hazırdır”.

terefsiz.az