Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

0
81

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin uçota alınmasına başlayır.

Bu barədə İKTA-dan məlumat verilib.

Bildirilir ki, “Telekommunikasiya haqqında” Qanunun və “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın tələblərini nəzərə alaraq, Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlər qeydiyyatdan keçməlidir.

İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalına https://e-gov.az/az/services/read/3731/ daxil olaraq autentifikasiyadan keçməklə və ərizə göndərməklə uçota durmalıdır.

Uçota durma üçün ərizə bu elan dərc edildiyi tarixdən başlayaraq 15 gün ərzində verilməlidir.

Qeyd edilən tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.

terefsiz.az