Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb.
Bununla bağlı Terefsiz.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük maşını saxlanılıb.
Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan canlı formada adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən iki baş maral aşkar edilib.
Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.
Polis əməkdaşları tərəfindən marallar Şahdağ Milli Parkına təhvil verilib.
Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.