“Koronavirus pandemiyası ilə bağlı heyvanlar arasında ölüm faktları qeydə alınmayıb”.
Bu barədə Terefsiz.az-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Bakı Zooloji Parkında da karantin qaydalarına riayət olunur:
“Bir ildən çoxdur zoopark ərazisinin genişləndirilməsi işləri ilə bağlı fəaliyyətini dayandırıb. Təmir-bərpa prosesi yekunlaşana qədər zooparkda məskunlaşan heyvanlar müvəqqəti olaraq Qaradağ rayonu, Salyan şosesi yaxınlığında yerləşən sığınacaqda saxlanılır. Bu köçürülmə prosesi koronavirus pandemiyasından əvvəl baş verib.
Ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin rejiminə riayət olunur. Ay ərzində heyvanların saxlanıldığı ərazidə pandemiyaya qarşı altı dəfə dezinfeksiya işləri aparılır. Bundan başqa, hər zaman olduğu kimi, birə və gənələrə qarşı da dezinfeksiya işlərimiz davam etdirilir. Yaz mövsümü ilə əlaqədar zəruri tədbirlər görülür”.
A.Hüseynov karantinlə bağlı yalnız heyvanlara baxan əməkdaşların işə çıxdığını deyib:
“Karantin qaydalarına görə, məhdud sayda əməkdaşımız işə gəlir. Yalnız heyvanlara baxan işçilərimiz fəaliyyətini davam etdirir. Onların ictimai nəqliyyatdan istifadə etməmələri, insanlarla minimum ünsiyyətdə olmaları üçün iş saatları xüsusi qrafiklə tənzimlənib. Əməkdaşlarımız işə xüsusi avtomobillərimizlə gəlib-gedirlər. Onların təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görülür”.
“Heyvanlar arasında xəstələnmə və ya ölüm faktları qeydə alınmayıb. Əksinə, Qarabağ atı, dəvəquşu, meymun bala verib. Hazırda problem müşahidə edilmir”, – deyə direktor qeyd edib.
Xatırladaq ki, Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma halları aşkarlayıblar. İlkin məlumatlara görə, COVID-19 heyvandan insana keçib. Çində bioloqların apardıqları araşdırmalar isə COVID-19 pandemiyasının yenidən heyvanlar arasında yayıla biləcəyi ehtimalını gündəmə gətirir.
Könül Cəfərli
istinad:oxu.az