Azərbaycanda terror ehtimalı ən aşağı dərəcədədir – ŞƏRH

0
312

Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Burada terror ehtimalı, demək olar ki, çox aşağı dərəcədədir. Bunun bir neçə əsas səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, terror üçün əlverişli mühit olmalıdır.

Bunu açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, terroru törədə biləcək meyillər özünə yer etməlidir.

“Özünüz də görüsünüz ki, dünyada terrorçular dəstəsi açıq şəkildə yetişdirilir. İnsanların beyinləri yuyularaq, ancaq terrora, nifrətə yönəldilir”, – deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanda belə bir atmosfer, mühit, şərait yoxdur.

“Azərbaycanda belə bir atmosferin, mühitin yaranmasına imkan verilmir. Səbəb ilk növbədə maariflənmə məsələsidir. Çünki adətən, maariflənmənin, təhsilin keyfiyyətinin aşağı olduğu ölkələrdə terror hadisələri daha çox baş verir, terrorçular üçün daha əlverişli mühit olur.

Azərbaycanda isə insanlar, demək olar ki, 100 faiz etibarilə orta, icbari təhsillidirlər. Azərbaycanda ali təhsil almaq istəyənlərin sayı durmadan artır. Bu məsələdə dövlət onlara müvafiq şərait yaradır. İldən-ilə ali məktəblərə qəbul yerlərinin sayı artır. Ali məktəblərdə islahatlar aparılır. Dövlət hesabına təhsil alan tələbələrin sayı durmadan çoxalır.

Yeni-yeni məktəblərin tikilməsi, təhsilin, tədrisin keyfiyyətinin artırılması üçün kurikulum sisteminə keçilməsi, xarici ölkələrinin təhsil sistemləri ilə əlaqələrin qurulması – bunların hamısı insanların maariflənməsinə, sivilləşmədə maraqlı olmasına gətirib-çıxarır.

Digər vacib faktor Azərbaycanda hüquq-mühafizə orqanlarının bu məsələni daim diqqətdə saxlaması, terror meyilli insanlara qarşı profilaktik tədbirlərin aparılması və bu işə hazırlıq görən, yaxud da müəyyən “kurslar” keçən insanların qanun qarşısında cavab verməsidir.

Üçüncüsü isə terrora qarşı mübarizə ilə bağlı xarici ölkələrlə sıx təmasın olmasıdır. Terror bu gün sərhəd tanımır və terrorun izi bəzən sərhədlərdən çox-çox kənara gedib çıxır.

Hesab edirəm ki, bu üç məsələni diqqətdə saxlaması Azərbaycanı terror üçün mümkünsüz bir əraziyə çevirib”, – deyə A.Mirzəzadə əlavə edib.

20 ilə yaxın Azərbaycanı ATƏT Parlament Assambleyasında təmsil etmiş millət vəkili Eldar İbrahimov da dünyada, bölgəmizdə yaşanan qanlı hadisələrə, o cümlədən, 25 ildən artıq bir dövr ərzində torpaqlarının işğal altında qalmasına baxmayaraq, mərhum dövlət başçısı Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində Azərbaycanın bu gün sabitlik və təhlükəsizlik adasına çevrildiyini bildirib:

“Düzdür, ötən əsrin 80-ci illərinin sonları – 90-cı illərinin ortalarına kimi Azərbaycan terrordan çox əziyyət çəkdi. Ermənistanın və onu dəstəkləyən dairələrin əli ilə Azərbaycanda dəhşətli, qanlı terror aktları yaşandı, yüzlərlə insan terrorun qurbanına çevrildi.

Amma müasir və ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev və son 16 ildə onun siyasətini uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin yürütdüyü siyasət, gördüyü tədbirlər nəticəsində Azərbaycan terror təhlükəsindən maksimum dərəcədə uzaqlaşa bildi.

Bu gün nəinki ətrafımızda, hətta dünyanın ən inkişaf etmiş, ən aparıcı və ən güclü dövlətlərində, Avropa ölkələrində, ABŞ-da terror hadisələrinin mütəmadi hal aldığı bir şəraitdə, Azərbaycan özünü artıq bu qanlı olaylardan, terror aktlarından sığortalamağa müvəffəq olub.

Bu gün Azərbaycan dünyanın ən rahat, ən təhlükəsiz ölkələrindən biri və birincilərindəndir. Bunu ildən-ilə ölkəmizə turist sayının artması da əyani şəkildə ortaya qoyur. Turistlər, adətən, daha çox o yerlərə üz tutur və gedirlər ki, ilk növbədə orada onların təhlükəsizliyinə təminat olsun.

Əgər Azərbaycanda belə bir təminat olmasaydı, Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək dərəcə diqqətdə saxlanılmasaydı və bu tədbirlər həyata keçirilməsəydi, o zaman ölkəmizə üz tutan turistlərin sayında da artım yox, azalma, geriləmə yaşanardı. Ancaq biz nəinki ildən-ilə, hətta gündən-günə artan, çoxalan turist sayını müşahidə etməkdəyik.

Deməli, ölkəmiz sabitdir, təhlükəsizdir, terrordan uzaqdır. Bu, bizim uğurumuz, üstünlüyümüzdür və bunu da daim qorub-saxlamalıyıq. Hesab edirəm və inanıram ki, məhz belə də olacaq.

Azərbaycan dünyanın təhlükəsiz, sabit, inkişaf yolunda olan bir ölkəsi kimi bundan sonra da daim irəliyə doğru gedəcək, onu yenidən qaranlığa, qeyri-müəyyənliyə, xaosa sürükləmək, qaytarmaq mümkün olmayacaq”.

İstinad: Oxu.az

Terefsiz.az