“Azəriqaz”: Şirkət işçiləri xətləri zədələyib, yüzlərlə insan qazsız qalıb

0
151

İstirahət günlərində qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində iki yaşayış məntəqəsində qaz təchizatına məhdudiyyət qoyulub.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Belə ki, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xəttini ərazidə işləyən şirkət işçiləri qırıblar. Buna görə də 1300 abonentin qaz təminatı dayandırılıb.

Lənkəranda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abonent qazsız qalıb.

“Azəriqaz” İB hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.

Bundan başqa, qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədar Xəzər rayonunun Qala qəsəbəsində bir qrup abonentin qaz təchizatı saat 11:00-dan 13:00-dək dayandırılacaq.