Bəstəkar Q.Qarayevin anadan olmasının 102-ci ilinə həsr edilən konfrans – FOTOREPORTAJ

0
213

Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dahi bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin (1918-1982) anadan olmasının 102-ci ilinə həsr edilən konfrans keçirilib.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək əvvəlcə böyük bəstəkarın doğum gününə həsr olunan tədbirlərin Fəxri xiyabandan başladığını deyib. Bildirib ki, hər il Qara Qarayevin doğum günü müxtəlif tədbirlərlə qeyd olunur: “Bunların hamısı onun əziz xatirəsinə həsr olunan tədbirlərdir. Lakin bu o demək deyil ki, biz dahi bəstəkarı yalnız fevralın 5-i – anadan olduğu gün və mayın 13-ü – vəfatı günündə yad edirik. O, bizim qəlbimizdə hər zaman yaşayır. Qara Qarayev musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində səsləndirilir.

Sonra Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova “Qara Qarayev haqqında nəşr olunan yeni kitablar” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan musiqişünasları onun yaradıcılığına hər zaman maraq göstərib, onun zəngin irsi haqqında monoqrafiya və kitablar yazılıb, dissertasiyalar müdafiə edilib. Təsadüfi deyil ki, Azərbaycan musiqişünaslığında ayrıca Qarayevşünaslıq adlı istiqamət yaranıb.

Konfransda daha sonra “Qara Qarayevin estetik baxışları”, “Xatirələrlə yaşayan dahi sənətkar”, “Qara Qarayevin pedaqoji prinsipləri” mövzularında məruzələr dinlənilib.

Sonda Xalq artisti Gülnaz İsmayılovanın ifasında dahi bəstəkarın “Gürcüstan təpələrində” və “Mən sizi sevirdim” romansları, piano üçün iki prelüdü, violin və piano üçün sonatası səsləndirilib. İfalar alqışlarla qarşılanıb.