Bənövşə Mahmudqızı ilə səmimi müsahibə

0
1176

Bugün ki müsahibimiz şairə, “Mahmudqızı” brendinin müəllifi, şair, psixopedaqoq, terefsiz.az saytının rəhbəri Bənövşə  Mahmudqızıdır. Bənövşə xanım, zəhmət olmasa özünüzü oxuyucularımıza təqdim edin.

Mən Bənövşə Mahmudqızı, psixo-pedaqoq, yəni, həm uşaq psixoloqu, həm də uşaq pedoqoqu mütəxəssisi sayılsam da, özümü mütəxəssis adlandırmıram. Ancaq ixtisasım bu yöndərir və şairə, söylədiyiniz kimi “Mahmudqızı” brendinin ideya müəllifi və rəhbəri, 1994-cü ildə payız aylarından biri sayılan Noyabrda dünyaya gəlmişəm. 102 saylı tam orta məktəbi bitirmişəm. Uşaq vaxtından incəsənətə marağım olub, incəsənətin bir çox sahələrinə bacarığım var, bu bacarıqlara aktrisalıq, qiraət, şeir yazmaq, rəqs etmək, əməklə bağlı tikişlərim, eləcə də rəsm qabiliyyətim də var. Bunların arasında itib, getməyən ən çox şeir və ədəbiyyatla bağlıdır. Nəzm və ya nəsr, aralarında heç bir fərq qoymuram. Nəsrə yeni başlasam da, nəzmə lap uşaq vaxtından başlamışam. Onu da qeyd edə bilərəm ki digər sahələri inkişaf etdirə bilmədim. ( səbəb isə ailəmin buna imkan verməməsiydi ) Onu da bildirim ki ailədə beş nəfərik, atam, anam və məndən başqa iki bacım var və bacıların böyüyüyəm, bacılarım da incəsənət sahəsində bacarıqlıdırlar, onlar məndən fərqli olaraq, yollarını davam etdirmirlər. Mən bəli, indi sadaladıqlarımın hamısını bacarsam da, artıq uzun müddət məşğul olmadığımdan unudulmağa başlayıb. Məsələn, tikiş tikməyi çoxdan  unutmağa başlasam da, uşaq vaxtı, 4, 5-ci sinifdə oxuyanda əl işlərim məktəb üzrə sərgilərə qoyulurdu. Bundan savayı yaxşı rəsm çəkmək qabiliyyətim olsa da, bu aralar zəifləyib. Çünki çoxdandır  müəyən bir zaman çərçivəsində tərgitmişəm.
Şeir mənim üçün elə bir şeydir ki, nə zaman “gəlsə” yazıram deyə, zaman onu özü-özlüyündə inkişaf etdirdi. Həmçinin, bu arada sadaladığım qabiliyyətlərdən biri olan rəqsi çox sevirəm. Mənim üçün rəqs təkcə əyləncə yox, başqa bir dünyadır.

Siz şeir dediz. İlk şeirinizi nə vaxt yazmısız?

İlk şeirimi yazmamışam, çünki yazacaq yaşda deyildim. 4-5 yaşlarında öz-özümə qoşma, bayatı tipli şeirlər qoşardım. İlk şeirim nənəmə aid olub. Mən bunu xatırlamıram, düzünü desəm. Bibibim mənə bu haqda danışır. Məktəbə gedib, əlimə qələm almağa başlayandan sonra yazmağa başladım. Yazdığım şeirlərdən ilk çap olunanı məktəb qəzeti olan “Şəkər villası ” nda çap olunub. Amma bu yerdə də yaddaşım məni yanıldır. Xatırlamıram hansı şeirim idi, adı nə idi, ancaq dəqiq bildiyim odur ki o qəzetdə çap olunub. (müsahibim gülür)

Sizin ailəniz bu şeiriyyata, nəzmə, nəsrə marağınızı dəstəkləyirlər? Sualı daha dəqiqləşdirsəm, yəni ailəniz sizə təzyiqmi edir, ya əksinə kömək edirlər?

Ailəm, çox qayğıkeş, diqqətcil ailədir. Mənim təhsilimə, savadlanmağıma, önəm verib, diqqət yetiriblər. Lakin atam mənim və bacılarımın incəsənətdə olmağını istəməyib. Təhsildə və digər məsələlərdə də məni dəstəkləsə də, sənət məsələsində qətiyyən dəstəkləməyib. Mənim incəsənətin digər qollarında yadırğamağımda rolu olub. Çünki uşaq vaxtı rəsm çəkəndə, gəlib albomumu əlimdən alırdı ki “get, dərslərini oxu”, tikiş tikəndə “sağanaq” adlandırılan alət var, bu alət naxışların vurulmasında və parçanın səmtinin saxlanmasında yardım edən alətdir ki, onu əlimdən alırdı. İcazə vermirdi məşğul olmağa. Yəni, məşğul olmadıqca, bacardığım şeylərdə yadırğamağa başladım. Bayaq vurğuladığım kimi rəsm çəkmək bacarığım olduğundan, “Mahmudqızı” brendinin yaranması bu istedadıma qayıtmağa və onu inkişaf etdirməyə təkan oldu. Çünki o brendin əsas məğzi rəssamlıq üzərində qurulub.
Şeiriyyata gəlincə, sözün düzü, on yeddi yaşıma qədər atam həmişə deyirdi ki, boş –  boş şeylərdi, nəyinə lazımdır, yazma. Ancaq ziyalı insanların mənim şeirlərimə göstərdikləri diqqəti görüb, atam fəxr etməyə başladı və on yeddi yaşımda, doğum günümə hədiyyə olaraq, atam şeirlərimdən ibarət kitab nəşr etdirdi.

Siz bayaq “Mahmudqızı” brendini vurğuladız, siz bildirdiz ki, brendin ideya müəllifi və təsisçisiz. Bu brend necə yarandı, ağlınıza necə gəldi ki belə bir brend yaradasınız? Brendin əsas mövzusu nədir, məğzi nədir. Bu haqda danışardınız.

Brendin əsas mövzusu kreativlik, şablonluqdan uzaq, yaradıcılıq və əl işləridir. Kişi, qadın, uşaq – bunlar heç biri fərq etmir. Bütün yaş və cins kateqoriyaları nəzərə alınır. Çantalar üzərində rəsm boyaları ilə çəkilmiş hər bir insanın zövqünə uyğun ola biləcək rəsm əsərləri təsviri işimizin əsasıdır.
Mahmudqızı brendinin əsas yaranma səbəbi dünyada ən çox sevdiyim şəxs olan atam həyatımda önəmli yer tutduğundan brendə onun adını vermişəm. Atam sadə bir bərbər olsa da, övladlarına göstərdiyi diqqət, qayğı və verdiyi sevgi, hətta deyərdim bəzi mənəm-mənəm deyən atalardan mənim üçün daha üstün olması onun adının brenddə əbədiləşdirilməsini istədim. Bu səbəbdən də belə bir brend yaratmağı düşündüm və o brend də elə bilə, sıradan bir brend olmasın. Bütün diqqət və maraqları üzərində toplaya bilsin. Onu da deyim ki, brendi yaratdığım qısa zaman ərzində buna nail ola bildim. Belə bir brendi ayaqda tutmaq və davam etdirmək üçün mütləq ki bir kapital lazımdır. Hələ ki belə bir kapitalım yoxdur, ancaq çalışıram ki, belə bir imkanı özüm üçün yaradım. Brendimi inkişaf etdirməyi və işlərimi öz axarına qoymağa çalışıram və məncə, bu məndə alınır.

Sizin yazdığınız nəsr və nəzm əsərlər sizin təxəyyülünüzün məhsuludur, yoxsa sizin və ya ətrafınızda olan insanların başına gələn hadisələrdir?

Mən uşaqlıqdan təxəyyülü geniş uşaq olsam da, yazdıqlarım nəzm və nəsr, fərqi yoxdur, hər zaman real hadisələrə əsaslanıb. İstər öz başıma gələn olsun, istər müşahidə etdiklərim olsun, onu da deyim ki mən çox güclü müşahidəçilik qabiliyyətinə malikəm və onu da deməliyəm ki, elə müşahidələrim olub ki, onu öz üzərimdə baş verirmiş kimi hiss etmişəm və buna görə həmin mövzuya dair hər hansı bir əsəri ortaya çıxarda bilmişəm.

Sizə bir sual da verim. Deyirlər insanların məqsədləri ilə imkanları üst-üstə düşməlidir. Bəs sizin məqsədləriniz ilə imkanlarınız üst-üstə düşürmü? Əgər üst-üstə düşmürsə, düşməsi üçün siz nələr edirsiniz?

Məqsədlərim və imkanlarım üst-üstə düşür. O baxımdan deyirəm ki mənəvi və potensial baxımdan uzlaşır. Sadəcə olaraq, bir az maddiyyatda çətinlik çəkirəm. O isə qazanılmayacaq bir şey deyil. Hər şey üçün zaman lazımdır və əlimdən gəldiyi qədər nəyəsə nail olmağa çalışıram.

Siz bir çox məşğuliyyətlərinizi sadaladız – rəqs, rəsm, şeiriyyat. Siz mütəmadi olaraq, nəylə məşğul olursunuz və hobbinizin əsas hissəsini nə təşkil edir? Yəni ki boş vaxtınızda nə etməyi sevirsiniz. O anlaşıldı ki ilham pəriniz gəlir, siz şeir yazırsınız, amma bundan savayı siz boş vaxtınızda nə edirsiniz və bu sizə xüsusi bir zövq verir?

Mənim həm hobbim, həm zövq verən məşğuliyyətim, hətta deyərdim hobbidən artıq olan bir şey gəzintidir. Uzun yolları ayaqla qətt etmək və əsasən, belə gəzintiləri gün batdıqdan sonra, gün çıxana kimi həyata keçirməyi sevirəm. Çox sevirəm gəzintiləri. Gəzintini tək olanda da, yaxud yanımda kimsə olduğu halda belə həyata keçirmək mənə xüsusi zövq verir. Belə gəzintələr mənə az şey qazandırmır. Yəni, dostum da olsa, tanışım da olsa, hətta yad adam da olsa yanımda yol yoldaşı olur deyə, onu tanımaq imkanın çox olur.

Bildiyim qədəriylə yaxın zamanda öz əsərlərinizdən ibarət kitab nəşr etdirməyi düşünürsünüz. Bu haqda məlumatlandırardınız bizi.

Yaxın zamanda, Allah izniylə kitab nəşr etdirmək fikrim var. Bu sayca mənim ikinci kitabım olacaq. Birinci kitabım “ Bənövşə sevgisi ” adlanır. Qarışıq mövzulu şeirlər toplusundan ibarət idi. Yeni nəşr etdirəcəyəm kitab da qarışıq nəsr və nəzm əsərləri olacaq, ancaq əvvəlki kitabdan bircə şeylə fərqlənəcək ki, bu kitabım nəşrinin xüsusi məqsədi, yönləndirilməsi, həsr edilmə istiqaməti olacaq. Kitabın əsas mövzusu təcavüzə uğramış uşaqlarla bağlı olacaq. Mən sosial şeirlər və hekayələr çox yazıram. Uşaqlar mənim ən həssas nöqtəmdir. Bu məsələdən irəli gəlir ki, kitabın əsas səmtini təcavüzə uğramış bir uşağın dilindən yazdığım uşağın adıyla adlandırmaq istəyirəm. Ona görədə həmin kitabı bütün təcavüzə uğramış uşaqlara həsr etmək istəyirəm.

Çox ağır mövzuya toxunursuz. Məncə, cəmiyyət üçün də ağır olacaq bir kitab olacaqdır.

Azərbaycanda nəyi ilk etmək istəyən qadın, yaxud şəxs olmaq istərdin. Nəin ki Azərbaycanda, lap dünyada belə nəyi edən insan kimi tarixə düşmək istərdiniz? Sizcə bu nə ola bilərdi, nə etmək istərdiniz. Ümumən belə bir istəyiniz varmı?

Mən indiyə qədər etdiklərimlə, istər yazdıqlarım olsun, istərsə də başqa işlər olsun. Onları məşhurlaşmaq, tanınmaq, insanlar tərəfindən barmaqla görsədilmək üçün, ən çox sevilən, yaxud ən çox nifrət edilən adam olmaq üçün etməmişəm. Mənim etdiklərimin səbəbi dünyaya faydalı olmaqdır. Bu istiqamətdə bunun üçün çalışıram. Mən varlı olmaq istəyirəm. Məncə, çox insan varlı olmaq istəyir. Ancaq mənim varlı olmaq istəyimin bir istiqaməti də var ki, nəyin ki Azərbaycanda, əlim yetəcək hər yerdə qadınlara, uşaqlara, evi-eşiyi olmayan, həqiqətən ehtiyacı olan insanlara yardım edim. Bunların içində mənim üçün ən önəmli olan uşaqlar üçün sığınacaq açmaqdır və indi elə bir dövrdür ki, yaxşılıq belə etmək üçün pulu olması gərəkdir ki, müəyyən şeylər maneə olmasın, ürəyin istədiyi kimi, qidalanmasında, təhsilində ehtiyac olan hər şeyi verə biləsən. Mən bu fikrimi ən yaxşısı bir cümləylə ifadə edim. Mən istəyirəm ki, ehtiyacı olan uşaqların anası kimi olum və bu dünyaya mənəvi və fiziki sağlam insanlar qazandırım.

Bu qədər səmimi bir söhbət üçün, belə bir müsahibə üçün sizə dərin minnətdarlığımı bildirirəm. Gözəl fikirlərin müəllifisiniz. Sizə gələcək işlərinizdə bol şanslar diləyirəm. Yeni müsahibələrdə görüşənədək.

  • Sizinlə birliktə Xanım Əliyeva idi.