Bərdədə həyat yoldaşının evini yandırıb, ögey qızına bıçaqla xəsarət yetirən Şikar Abdullayev saxlanılıb.
“Terefsiz.az” “Report”a istinadən bildirir ki, o, hüquq mühafizə orqanlarından yayınmaq üçün, şadlıq saraylarında keçirilən toy mərasimlərinə gedirmiş.
Dünən Bərdədə “Mətin” şadlıq sarayında keçirilən toy mərasiminə dəvət edilməyən qonaq, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırmaqda təqsirli bilinir.
Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verirmiş. Bu səbəbdən Cəmilə Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.
23 İyul gecə 23:00 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib.