“İkisi işğaldan azad edilmiş ərazilərdə, üçü isə Bakıda olmaqla ailə mərkəzlərinin tikilməsi planlaşdırılır ki, bu da məişət zorakılığı problemlərin həllini səmərələşdirəcək”.
“Terefsiz.az”ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanda seksual qısnama: qanunvericilik və onun tətbiqi praktikası” adlı analitik hesabatın təqdimatında çıxışı zamanı deyib.
Qurum rəsmisinin sözlərinə görə, Azərbaycanın dövlət siyasəti cinsindən asılı olmayaraq hər kəsin proseslərə qatılmasını prioritet hesab edir:
“Bunun üçün mükəmməl qanunvericilik bazamız var və onlar hüquqların təmin olunmasına təminat verir”.
B.Muradova vurğulayıb ki, komitə olaraq bu istiqamətdəki fəaliyyətlərində problemlərlə də qarşılaşırlar:
“Fəaliyyət imkanlarımızı məhdudlaşdıran nə varsa, onu problem kimi qəbul etməli və onlardan qurtulmaq üçün insanlara köməklik etməliyik. Problemlər özlüyündə təkcə dövlət qurumlarının üzərinə atıla bilməz. Bunun üçün elmi yanaşma da lazımdır ki, birlikdə sözügedən məsələlərin həllinə daha tez nail olaq”.
“Biz ictimaiyyətlə birgə hərəkət edir və onların tələblərini dinləməyə, çətinliklərin öhdəsindən gəlmək üçün əlimizdən gələni etməyə çalışırıq” -,o vurğulayıb.