“Bakı Marafonu 2022” başa çatıb, qaliblər müəyyənləşib

0
138

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonu başa çatıb.

“TEREFSİZ.AZ” “REPORT”a  istinadən xəbər verir ki, marafon iştirakçıları arasında qaliblər məlum olub.

Marafonun ümumi kişi iştirakçılar arasında qalibi rusiyalı, 1989-cu il təvəllüdlü Rinas Axmadiyev olub. O, məsafəni 1 saat 03 dəqiqə 11 saniyəyə qət edib.

Qadın iştirakçılar arasında qalibi isə ukraynalı 1990-cı il təvəllüdlü Veretska Valentyne olub. O, məsafəni 1 saat 16 dəqiqə 59 saniyəyə qət edib.

Fiziki məhdudiyyətli şəxslər arasında yarışın qalibi isə 51 yaşlı Mehman Ramazanzadədir. O qələbəni 57 dəqiqəyə qazanıb.

Qeyd edək ki, “Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olub. 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilib:

Dövlət Bayrağı Meydanı – Dənizkənarı Bulvar – Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti – Bakı Ağ Şəhər bulvarı – Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) – Dövlət Bayrağı Meydanı.

“Bakı Marafonu 2022”nin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Layihənin icrası Sport Marketing Group (SMG) şirkəti, sponsoru isə “Baltika 0” şirkətidir.

Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edib. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start verilib. 3-cü start isə ümumi iştirakçılar üçün olub.

“Bakı Marafonu 2022”nin qalibləri 2 kateqoriya üzrə seçilib. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Birinci yer sahibi 3000 AZN, ikinci yer – 2000 AZN, üçüncü yer – 1000 AZN məbləğində mükafatlandırılıb, həmçinin medal və sertifikatlarla təltif edilib. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu 2022”nin xüsusi medalları ilə təltif olunub. “Bakı Marafonu 2022”də yeni nominasiyalar da olub: qadın və kişilər arasında 5 yaş kateqoriyası üzrə qaliblər seçilib (18-29, 30-39, 40-49, 50-59, 60+).

Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə tələbələr arasında finiş xəttini ilk keçən “Gənc ol” (Azercell), eləcə də “finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən korporativ iştirakçı”, “ən kreativ kostyum” nominasiyalarında da mükafatlar təqdim olunub. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar veriləcək.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilib.

Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

 

TEREFSİZ.AZ