Bakı meriyası ADO`nu Apellyasiya Məhkəməsinə verdi – QALMAQAL

0
154
DCIM100GOPROGOPR0079.

Bakı Şəhər İcra Hakimiyyəti ölkəmizin ilk müstəqil teatrı olan ADO ilə bağlı 1 Saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Terefsiz.az xəbər verir ki, proses mart ayının 9-u, saat 11:15-də, 15 nömrəli zalda, hakim Ülvi Mayılovun sədrliyi ilə keçiriləcək. Proses açıq keçirildiyi üçün məhkəmədə hər kəs iştirak edə bilər.

ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çox idi ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edirdi. Hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirirdi. Teatr hər iki qurumla bağlı məhkəməyə müraciət etmişdi. 30 dekabr 2019-cu il tarixində 1 Saylı Bakı İnzibati – İqtisadi məhkəməsi ADO teatrının xeyrinə qərar çıxarmışdı və meriyanın üzərinə teatra əsaslandırılmış cavab verilməsi tələbini qoymuşdu. Meriya isə bu qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verib.

ADO teatrı bu məsələnin yenidən uzadılmasından narahatlığını bildirir, dövlət qurumlarının teatrla, incəsənətlə mübarizəsinin heç bir fayda verməyəcəyini, bunun cəmiyyətimiz, ölkəmizin imici üçün heç də uğurlu olmayacağını qətiyyətlə vurğulayır. Teatr mədəniyyətin inkişafı üçün ona azadlıq verilməsinin vacibliyini bir daha xatırladır.