Bakı-Supsa ilə neft nəqli müvəqqəti bərpa edilib

0
78

Rusiya-Ukrayna müharibəsi səbəbindən bağlanmış Bakı-Supsa boru kəməri ilə son 10 ayda ilk dəfə Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin nəqli qısa müddətə bərpa edilib.

“Terefsiz.az” “Eurasianet”ə istinadən xəbər verir ki, həm AÇG yataqlar blokunu, həm də Bakı-Supsa boru kəmərini idarə edən BP şirkəti axının bərpa olunduğunu təsdiqləyib, eyni zamanda, bir tankerin ötən həftəsonu yükü götürdüyünü, ikincini isə bu həftəsonu götürəcəyini əlavə edib.

Boru kəməri ilə axın keçən il, əvvəlcə müvəqqəti olaraq martda, sonra isə yekun olaraq mayda sərbəst üzən minalarla bağlı xəbərlərdən sonra Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən dayandırılmışdı. Bundan sonra Bakı-Supsa ilə nəql olunan neft həcmi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə yönləndirilib. Bu, ayda təxminən 3 milyon barel neftdir.

BP-dən bildirilib ki, Supsaya axın yalnız fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ fonunda Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhanda BTC boru kəmərinin ixrac terminalının altı günlük bağlanması nəticəsində bərpa edilib.

Müharibədən əvvəl Azərbaycan nefti üç ayrı boru kəməri ilə beynəlxalq bazarlara çıxarılırdı: Bakı-Supsa, BTC və Bakı-Novorossiysk boru kəməri ilə. Üçüncü istiqamət üzrə axın da ötən il eyni səbəblərdən dayandırılmışdı, neft həcmi yenidən BTC-yə yönləndirilmişdi.

Qeyd edək ki, bu gün əsas ixrac neft kəməri sutkada 1,2 milyon barel neft vurmaq gücündədir. BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin daha əvvəl qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə qabiliyyəti sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər artırıla bilər.

BP şirkəti neftin Ceyhan terminalından dünya bazarlarına daşınmasını artıq bərpa edib. Fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra BP Türkiyədəki bütün infrastruktura, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Ceyhandakı neft terminalına baxış keçirməyə başlayıb. Yoxlamalar ciddi problemin olmadığını göstərib.

terefsiz.az