Bakı yollarında sarı zolaq qadağası qüvvəyə mindi – SİYAHI

0
140

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq, bu gündən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib.

Terefsiz.az xəbər verir ki, qadağa iyulun 28-i gecə 24:00-dək davam edəcək.

Festivalla əlaqədar olaraq, paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları çəkilib. Zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları da qoyulub. Bu yollar kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Olimpiya festivalının davam etdiyi müddətdə yollardakı sarı zolaqlarda yalnız xüsusi nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.

Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkəti isə avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yaradacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) qadağa qüvvədə olduğu müddətdə sürücüləri sarı zolaqlar üzrə hərəkət etməməyə və süni sıxlığın və tıxacların yaranmaması üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət edəcək, yarışların təşkil olunduğu ərazilərdə nəzarət artırılacaq.

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

İstinad: Publika.az

Terefsiz.az