Bakıda “Majlis Business Network”un təşkilatçılığı ilə 5-ci dəfə “Business Networking Night” keçirilib.
Terefsi.az saytı “Report” – a istinadən xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, 100-dən çox sahibkar, media nümayəndələri və ictimai fəallar iştirak edib.
Açılış nitqindən sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müşaviri Elşən Qurbanov çıxış edərək son illər dövlətin sahibkarlara göstərdiyi dəstək, bu istiqamətdəki yeniliklər haqqında məlumat verib. O, agentliyin hazırda mikro, kiçik və orta sahibkarların problemlərinin aradan qaldırılması üçün biznes nümayəndələri ilə mütəmadi görüşlər keçirdiklərini, onlara həm maddi, həm də mənəvi kömək göstərdiklərini bildirib.
Daha sonra söz dünyada nüfuzlu və böyük psixoterapiya institutu olan Milton H.Eriksonun Türkiyədəki qurucusu Tamer Dövücüyə verilib. Gecəyə özəl spiker olaraq dəvət olunmuş Tamer Dövücü sahibkarlar qarşısında biznesdə “Optimum Balans Modeli” mövzusunda çıxış edib.
Tədbirin sonunda bir saata yaxın davam edən müxtəlif avtivliklər sayəsində sahibkarlar bir-birləri ilə tanış olub, fəaliyyətləri haqqında məlumatlar veriblər. Onlardan alınmış biznes kartların vasitəsi ilə müsabiqə keçirilib və qalib olan üç sahibkar hədiyyə olaraq üzvlük üçün xüsusi endirim kuponları əldə edib.
Qeyd edək ki, kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının ən vacib dinamik göstəricilərindəndir. Böyük iqtisadi gücə malik olan ölkələrin inkişafı məhz bu yoldan keçib. Çünki yeni bizneslərin, şirkətlərin, markaların yaranması həm ümumdaxili məhsul həcminin yüksəlməsinə, həm məşğulluğun artımına, həm ölkə iqtisadiyyatının idxaldan asılılığının azalmasına, həm də ixrac potensialının yüksəldilməsinə böyük zəmin yaradır.
Məhz bu səbəbdən ölkə rəhbərliyi səviyyəsində kiçik və orta sahibkarlığa xüsusi dövlət qayğısı göstərilir. Bununla paralel olaraq ictimai təşkilatların, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qurumların işi çox önəmlidir. Dünya praktikası göstərir ki, bu kimi qurumlar olmadan inkişaf prespektivləri əldə etmək çox çətindir. İki ildən çoxdur fəaliyyət göstərən “Majlis Business Network” məhz kiçik və orta sahibkarlığın inkişafına töhvə verən belə qurumlardandır.
Terefsiz.az