Bakıda “Gənclərin Sağlamlıq Festivalı”

0
354

Bakıda “Gənclərin Sağlamlıq Festivalı”

Aprelin 5-də paytaxtın Yasamal rayonundakı Hüseyn Cavid parkında Gənclər və İdman, eləcə də Səhiyyə Nazirliyinin təşkilatçılığı, “Hərəkətdəsən, Kreativsən” şüarı ilə “Gənclərin Sağlamlıq Festivalı” keçirilib.

Terefsiz.az xəbər verir ki, festivalda Səhiyyə Nazirinin müavini Rahim Əliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

İntiqam Babayev çıxışında bu festivalın 2013-cü ildən etibarən hər il aprel ayının 6-sı “Ümumudünya fiziki aktivlik” günü kimi qeyd edildiyini bildirib:

“Bundan əvvəl Nərimanov, Binəqədi, Xəzər, Suraxanı, Xətai rayonlarında festival keçirilib. Sağlam və aktiv olmaq üçün idman vacibdir. Bu, həm də qeyri-infeksion xəstəliklərlə mübarizə üsuludur”.

Səhiyyə Nazirinin müavini Rahim Əliyev də fiziki aktivliyin əhəmiyyətindən danışıb və xəstəliklərdən qorunmaq üçün sağlam həyat tərzinin vacibliyini bildirib.

Tədbirdə o da bildirilib ki, Yasamal rayon orta məktəblər arasında keçirilən yarışlarda seçilən beş orta məktəbin şagirdləri, o cümlədən əlilliyi olan gənclər iştirak edirlər.

Səhiyyə nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov isə bildirib ki, gənclərin sağlamlıq festivalı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramı və “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiyası”na uyğun olaraq əhaliyə sağlam həyat tərzini, fiziki aktivliyin sağlamlığa əhəmiyyətini aşılamaq üçün ictimaiyyəti məlumatlandırmaq məqsədini daşıyır.

Dünyanın bir çox ölkələrində cavanların oturaq həyat tərzi keçirmələri bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına və geniş yayılmasına təsir göstərir. Fiziki aktivlik ürək-damar, epilepsiya, eyni zamanda yeniyetmə və gənclər arasında piylənməni aradan qaldırır.

Bu səbəbdən də “Gənclərin sağlamlıq” festivalı ictimaiyyəti məlumatlandırmaq baxımından əhəmiyyətlidir.

Tədbirdə güləş, qılınoynatma, uşaq futbolu və daha bir neçə federasiyanın nüçayəndələri iştirak ediblər.

Qılıncoynadanlar arasında müxtəlif yaş qrupundan olan qızların üstünlük təşkil etdiyi bildirilib.

Qılınoynatma federasiyasının məşqçisi Etibar Cəfərov bildirib ki,bu idman növünə kifayət qədər maraq var və Xüsusilə azyaşlılar daha çox cəlb edilir.

Festivalda əlliliyi olan şəxslər də iştirak edib. Festivalda əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Sonda festival iştirakçıları arasından seçilən qaliblərə hədiyyələr və diplomlar təqdim edildi.

İstinad : oxu.az