Bakıda hadisə yerindən qaçan sürücü tutuldu

0
130

Xətai Rayon Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

“Report”un xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Belə ki, aprelin 3-ü saat 23 radələrində Xətai rayonunun ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən piyada 1966-cı il təvəllüdlü Ağacanov Sadat Şahmar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilən, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Chevrolet Niva” markalı 90-DU-370 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1978-ci il təvəllüdlü İbrahimov Fuad Alı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fuad İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

istinad:report.az