“Turist mövsümü yaxınlaşdıqca, yəni Novruz bayramı ərəfəsindən etibarən şəhərin turistlərin daha çox cəmləşdiyi yerlərdə müxtəlif formatlı küçə sənətkarlarının iştirakını planlaşdırmışıq. Bunlar, əsasən, Dənizkənarı bulvar, “Tarqovı” adlandırdığımız Nizami küçəsi və İçəri şəhər ərazisidir”.
Terefsiz.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, dünyada küçə sənətçiləri ilə bağlı işlər hər zaman koordinasiyalı şəkildə aparılıb:
“Biz də bu işə başlamamışdan öncə, dünya təcrübəsini öyrənmişik, çünki bu prosesin hansısa formada koordinasiya olunması vacibdir”.
K.Qasımov hesab edir ki, məqsəd, sadəcə, bu sahəni koordinasiya olunmasından və turistlərin marağını cəlb edə biləcək işlərlə bağlı yaradıcılıq kollektivlərinin qurulmasından ibarətdir:
“Artıq, demək olar ki, bununla bağlı işlər yekunlaşıb, şəhərdə bu işlərin görülə biləcəyi yerlər müəyyənləşib, həmçinin digər aidiyyəti qurumlarla razılaşdırılıb. Artıq müraciət edənlər var və onlar arasında seçimlər həyata keçirilib”.
Dövlət Turizm Agentliyinin rəsmisi gələcəkdə bu məqsədlə həm paytaxtda, həm də regionlarda əlavə yerlərin ayrılması mümkünlüyünü də qeyd edib:
“Turizm daim inkişaf etdiyi, dəyişdiyi üçün biz sabah müəyyən etsək ki, buna daha fərqli yerdə ehtiyac var, o zaman əlavə yerlər də ayrılacaq. Bu, Bakı ilə yanaşı, rayonlara da aiddir. Bu, təbii prosesdir. Təbii şərait yarandıqda tələb və təklif bir birini tamamlayacaq. Bu zaman ortaya çıxan məhsul da cəlbedici olur”.
İstinad: Report.az
Terefsiz.az