Bakıda magistral su xəttinin yerini özbaşına dəyişməyə cəhd ediblər

0
144

Bakının Xəzər rayonunun Binə qəsəbəsinin dəmiryol adlanan ərazisini içməli su ilə təmin edən magistral su kəmərinə müdaxilə edilib.

“Terefsiz.az” bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, ərazidə fərdi yaşayış evinin tikintisi ilə məşğul olan Nasir adlı şəxs 219 mm diametrli Binə sovxoz magistral su xəttinin yerini özbaşına dəyişməyə cəhd edib.

Belə ki, həmin şəxs gecə saatlarında magistral su kəmərinin siyirtməsindən su təchizatını dayandıraraq mövcud kəmərin 70 metr uzunluğunda olan hissəsini kəsib doğrayıb, tikinti sahəsinədən kənara çıxarmaqla 159 mm diametrli polietilen borularla yeni xətt çəkib. Elə gecə saatlarında həmin ərazidə fərdi yaşayış evi tikməyə başlayıb.

Magistral su kəmərinə müdaxilə nəticəsində ərazidə yerləşən cəzaçəkmə müəssisəsi, beşmərtəbəli yaşayış binaları və fərdi yaşayış evləri susuz qalıb.

Bununla bağlı məlumat daxil olan kimi “Azərsu”yun Xəzər Sukanal İdarəsi rayon icra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına məlumat verib. Araşdırmalar zamanı məlum olub ki, həmin ərazidə fərdi yaşayış evinin tikintisinə dair vətəndaşın heç bir sənədi yoxdur və tikinti işləri qeyri-qanuni aparılır.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə “Azərsu”yun briqadaları və texnikası vasitəsilə tikinti sökülüb. Hazırda sökülmüş kəmərin və su təchizatının bərpası istiqamətində işlər aparılır. Bu müddətdə cəzaçəkmə müəssisəsi, bina və fərdi yaşayış evlərinə alternativ vasitələrlə suyun verilişi təmin edilib.

Faktın araşdırılması ilə bağlı “Azərsu” hüquq-mühafizə orqanlarına müraciət edib.

“Magistral su kəmərlərinə belə qanunsuz müdaxilələr göstərilən xidmətlərin səviyyəsinə mənfi təsir etməklə hidravliki rejimləri və istehlakçıların içməli su təchizatının dayanıqlığını pozur, su itkilərini artırır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün ciddi təhlükələr yaradır. Eyni zamanda bu kimi hallar dövlət əmlakına ziyan vurmaq kimi qiymətləndirilir. “Azərsu” şəbəkələrə özbaşına müdaxilə edənlərin əməllərinə hüquqi qiymətin verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

terefsiz.az