Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
“Terefsiz.az” Nazirliyə istinadən xəbər verir ki, müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
Terefsiz.az