Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

0
273

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Koreyanın Azərbaycandakı Səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirib.

Tetefsiz.az xəbər verir ki, konfransın keçirilməsində məqsəd problemli kreditlərin həlli üzrə institusional mexanizmin yaradılmasına dair Koreya hökumətinin təcrübəsi, eləcə də “Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək” üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərmanın icrasına dair Azərbaycan təcrübəsi barəsində təqdimatların keçirilməsi və müvafiq müzakirələrin aparılmasıdır.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı problemli kreditlərin həlli üzrə beynəlxalq təcrübəni və Azərbaycan modelini müqayisə edib: “Koreya Aktivlərin İdarəedilməsi Fondu (KAMCO) tərəfindən 1997-ci il Asiya Maliyyə Böhranının neqativ nəticələrini (böyük korporasiyaların müflisləşməsi, Koreya Vonunun məzənnəsinin dəyərdən düşməsi, böyük həcmdə problemli kreditlərin yaranması) həll etmək məqsədilə Problemli Kreditlərin İdarəedilməsi Fondu yaradılıb. Problemli kreditlərin həlli strategiyası çərçivəsində müxtəlif maliyyə metodlarından – girov, beynəlxalq hərrac, aktiv-zəmanətli qiymətli kağızlar, birləşmə və satınalma və birgə müəssisə yaradılması üsullarından istifadə edilib”.

V.Qasımlı Avropadakı təcrübədən də danışıb: “Avropada problemli kreditlərin həlli üzrə strategiya bir sıra istiqamətlərdə aparılır. Onlar bankların daxili tədbirlərini gücləndirmək, toksik aktivlər üçün bazarı inkişaf etdirmək, məlumat assimetriyasının qarşısını almaq və aktivlərin idarə edilməsinə cavabdeh qurum yaratmaq, toksik aktivləri üçüncü tərəfə transfer etmək (birbaşa investorlar, aktivlərin idarə edilməsinə cavabdeh qurum və s.) və nəzarət orqanını gücləndirmək. 2001-ci il böhranından sonra Türkiyənin problemli kreditləri 18 milyard dollar təşkil edirdi. Mövcud olan 50 bankdan 19-unun problemli kreditləri Dövlət Əmanətlərin Sığortalanması Fondu tərəfindən restrukturizasiya edildi. 2002-ci ildə Sinqapur banklara iflas elan etmədən könüllü olaraq problemli kreditlərin həlli prosedurlarını seçməyi təklif etdi. İflasöncəsi məsləhət və vasitəçilik xidmətləri təklif olundu. Sinqapurda eyni zamanda “Borcların geri ödənilməsi Sxemi” də tərtib olundu. 2002-ci ildə İndoneziyada mövcud banklardan 70-i bağlanıb, 13-ü dövlət himayəsinə götürülüb. Postsovet məkanında problemli kreditlərin həlli istiqamətində maraqlı təcrübə var. 2015-ci ildən ipoteka kreditləri üzrə problemli kreditlər üçün 130 milyard təngə ayrılıb. Borcalanların dörd kateqoriyası borc ipotekası yükündən tamamilə xilas olmaq şansını əldə edə bilər. Qazaxıstanda kollektorlara borcun 50%-i verilməklə qalan 50%-in banklara geri ödənilməsi nəzərdə tutulub. Yalnız istisna qruplar (əlillər, çox uşaqlı ailələr və ağır xəstələr) xaric digər borclulardan bu şəkildə borcların ödənməsi planlaşdırılırdı.

Bundan başqa, cari ilin fevral ayında isə Qazaxıstan hökuməti tərəfindən “Problemli kreditlər Fondu” ASC-nin bütün səhmlərini Mərkəzi Bankdan satın alıb. Bu Fond kredit ödəmək qabiliyyəti olmayan ailələrin borclarını kompensasiya etməli idi. Lakin Fondun öz maliyyə aktivləri hər il azalma tempini nümayiş etdirir. Gürcüstanda problemli kreditlərin silinməsi məqsədi ilə 10 dekabr 2018-ci ildən 15 yanvar 2019-cu ilədək sosial layihə həyata keçirildi və 609,5 min əhalinin (1 302 750 kredit sayı) 4 milyard laridən (1,5 milyard dollar) artıq borcu ödənildi. Qara siyahıda qeydə alınmış borcların 95% -i əsas məbləği 2000 laridən (təxminən 750 ABŞ dolları) çox olmayan kreditlərdən ibarətdir. Borclar aksiyanın başlamasından minimum 1 il əvvəl açılmış kreditlər üzrə, həmçinin, faiz və cərimələri 2000 laridən (751 dollar) çox olmayan şəxslərə ödənildi. 2014-cu ildə baş vermiş devalvasiya nəticəsində (rubl dollara nəzərən 72%, avroya nəzərən 52% ucuzlaşmışdır) Rusiya Federasiyasının banklarının zəmanəti olmayan problemli kreditləri 2015-ci ildə təkcə yanvar ayında 44,4% artıb və ilin sonu 1,3 trilyon rubla çatıb. Bu rəqəm 2017-ci ildə 5 trilyon rubl, 2018-ci ildə 11 trilyon rubl təşkil edib (bütün kredit portfelinin 85%-ni təşkil edir). 2018-ci ildə Problemli Kreditlər Fondunun aktivləri isə cəmi 2,1 trilyon rubl olub ki, bu da problemli kreditlərin yalnız 19%-ni təşkil edib. 2016-ci ildən “Problemli kreditlərin silinməsi haqqında” Qanun layihəsi hazırlansa da yalnız 2019-cu ildə qüvvəyə minməsi planlaşdırılır. Yeni Qanun bütün problemli kreditləri deyil yalnız xüsusi imtiyazlı əhalinin (ailəni maddi olaraq təmin edən şəxsin itkisi, işsizlik və ağır xəstəlik) borclarını ödəməyi nəzərdə tutur”.

Daha sonra Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op çıxış edib. Kim Tong Op əlavə edib ki, Koreya problemli kreditlərin həlli mövzusunda böyük təcrübəyə malikdir. Azərbaycan dövləti ilə yeni təcrübə mübadiləsi bu istiqamətində yeni imkanların əldə olunması ilə nəticələnəcək.

Beynəlxalq tədbir zamanı Koreyanın Depozitlərinin Sığortalanması Korporasiyasının keçmiş prezidenti Kim Co Hyun da Koreya təcrübəsi ilə bağlı ətraflı məlumatlar təqdim edib.

Tədbir Koreyanın İnka Universitetinin professoru Jajun Hanın “Problemli kreditlərin həlli üzrə institusional mexanizmə dair Koreya təcrübəsi”, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılovun “Problemli kreditlərin həlli üzrə Azərbaycan modeli” və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərovanın “Problemli kreditlərin həlli üzrə dünya Təcrübəsi” mövzularında hazırlanan təqdimatların nümayişi ilə davam edib.

Konfransda dövlət qurumlarının nümayəndələri, tədqiqat institutlarının,10-dan artıq bank və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

İstinad: Report.az

Terefsiz.az