Bakıda şagirdi döyən müəllim işdən çıxarıldı

0
141

169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.

Bununla bağlı 169 nömrəli tam orta məktəbdən Terefsiz.az-a bildirilib ki, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb.

Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub. Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib.

“Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib.

Təəssüflər olsun ki, İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmamış və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirmişdir. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb.

Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

İlhamə Əbülfət

istinad:oxu.az