Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının növbəti iclası və beynəlxalq konfrans işə başladı

0
153

Dekabrın 6-da Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası keçirilir. Tədbirlərdə TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Terefsiz.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək TRASEKA nəqliyyat dəhlizinin inkişafının üzv ölkələr üçün də mühüm əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, biz səylərimizi birləşdirərək TRASEKA-nın cəlbediciliyini daha da artıra bilərik.

Ölkəmizin tranzit potensialından danışan nazir deyib: “Azərbaycanın şərqlə qərbin mərkəzində yerləşməsi, avtomobil yolları və dəmir yollarının inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası nəqliyyat sektorunun inkişafına şərait yaradıb və Azərbaycanın tranzit potensialı güclənib”.

Tədbirlərdə ötən dövrdə görülmüş işlər, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, Bakı Bəyannaməsi qəbul ediləcək.