Sentyabrın 27-də Bakının Yasamal rayonu ərazisində “Azərkitab” kitab mərkəzinin açılış mərasimi keçirilib.
Terefsiz.az saytı xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi Sabir Həsənov yeni kitab mərkəzinin fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, bu layihənin reallaşdırılmasında məqsəd kitabla, əvvəllər olduğu kimi, ünsiyyəti möhkəmləndirməkdir.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə yeni kitab mərkəzinin açılmasını əhəmiyyətli hal kimi qiymətləndirərək vurğulayıb ki, son dövrlər ölkəmizdə kitaba artan maraq sayəsində yeni-yeni kitab mərkəzləri, mağazaları açılır.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yeni bir kitab məkanının açılması ilə bağlı paytaxtın mütaliə həvəskarlarını təbrik edib. Nazir bildirib ki, son illər ölkəmizdə kitaba maraq xeyli artıb. Paytaxtımızda yeni kitab satışı ünvanlarının yaradılması bunun əsas göstəricilərindəndir.
Ə.Qarayev, həmçinin, ölkəmizin bütün kitabxanalarına latın qrafikasında yeni nəşrlərin verildiyini və bu istiqamətdə atılan addımların davamlı olacağını bildirib.
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində maraqlı təqdimatların, tədbirlərin, görüşlərin keçiriləcəyini diqqətə çatdıran Əbülfəs Qarayev bütün bunların da öz növbəsində kitaba marağın artırılması töhfə olacağını vurğulayıb.
Nazir sonda kitab mərkəzinin işinə uğurlar arzulayıb.
Xalq şairi Sabir Rüstəmxanlı belə kitab mağazalarının nəinki paytaxtda və iri şəhərlərdə, həmçinin kəndlərimizdə də açılmasının günün tələbi olduğunu vurğulayıb.
Daha sonra qonaqlar kitab mərkəzi ilə tanış oldular.
Qeyd edək ki, üç mərtəbədən ibarət olan kitab mağazasında müxtəlif yaşda oxucular üçün rəngarəng mövzularda ədəbiyyatlar əldə etmək mümkündür.
İstinad: axşam.az
Terefsiz.az