Bakının tramvay keçəcək ünvanları məlum oldu – SİYAHI – RƏSMİ

0
231

Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri də tramvay xətlərinin bərpa olunmasıdır.

Terefsiz.az xəbər verir ki, ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu bildirmişdi.

Hazırda vəziyyət nə yerdədir? Suala cavab tapmaq üçün Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirdilər ki, hazırda məsələ ilə bağlı müzakirələr aparılır.

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakı şəhərinin Baş planında nəzərdə tutulan tramvay xətləri ilə bağlı aidiyyətli qurumlarla razılaşma və müzakirələr aparılır”, – deyə bildirilib.

Qeyd edək ki, hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsi hansı quruma həvalə olunması da müzakirə obyektidir.

Xatırladaq ki, Cavid Qurbanov açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu bildirmişdi:

“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.

Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, – o qeyd edib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.