Baş katib: “Elmar Qasımov nə istədiyinə qərar verməlidir”

0
95

“Elmar Qasımov Parisdəki Böyük Dəbilqədə də güləşəcək. Həmin şansdan istifadə etməlidir. Əks halda karyerası ilə bağlı qərar verməlidir ki, nə istəyir”.

“Terefsiz.az” xəbər verir ki,bunu “Report”a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu milli komandanın üzvü Elmar Qasımov (100 kq) barədə danışarkən deyib.

O bildirib ki, bu il Fransanın paytaxtında keçiriləcək yarış çox suala aydınlıq gətirəcək: “Özünü yaxşı tərəfdən göstərməlidir. Məsələ təkcə medaldan getmir. Hazırlığı, çıxışı da önəmli olacaq. Məşqçilər heyəti görməlidir ki, işıq var”.

ACF rəsminin sözlərinə görə, Qasımovda bir çox cüdoçuda olmayan potensial var: “Təəssüf ki, potensialını tam aça bilməyib. Rio Olimpiadasında 2-ci yeri tutduqdan sonra ən azı bu nəticəni təkrarlamaq üçün idmançı kimi lazımi qədər səy göstərmir. Bunun səbəbini ilk növbədə özündə axtarmalıdır. Xüsusilə son 1 ildə”.

Rəsullu “Sizcə, Paris olimpiadasına Zelim Kotsoyev, yoxsa Elmar Qasımovun getmək şansı daha böyükdür” sualına bu cür cavab verib: “Baş katib kimi mənim nəsə deməyim düzgün olmaz. Nəticələrə baxsanız, özünüz hər şeyi görərsiniz. Amma çox şey Elmarın özündən asılıdır. Ötən il bir çox yarışa göndərsək də, yeganə nəticəsi Antalyadakı Böyük Dəbilqədə 3-cü yer oldu”.

Baş katib Qasımovun istənilən formada çıxış etməməsinin “ulduz xəstəliyi” ilə bağlı olmadığını vurğulayıb: “Elmar elə insan deyil. Onda elə xüsusiyyət yoxdur. Məsələ peşəkarlıqla bağlıdır. Video çəkib-çəkmədiyini deyə bilmərəm. Siz baxa bilərsiniz (gülür). Həmin video da çox şişirdilmiş məsələ idi. Cüdoda bu cür hallara yaxşı yanaşmırlar. Kütləvi İnformasiya Vasitələri bunu işıqlandırırlar. Amma hərdən sosial şəbəkələrdə çox şişirdilir. Təbii, etdiyi hərəkət səhv idi”.

terefsiz.az