Baş nazirdən İcbari tibbi sığorta ilə bağlı QƏRAR

0
242

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Nazirlər Kabineti “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-25.1-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edir.

Bu Qaydada istifadə olunmuş anlayışlar Qanunda verilmiş mənaları ifadə edir.

İcbari tibbi sığorta fondunun gəlir və xərcləri Qanunun 15-9-cu maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:

– sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;

– subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;

– icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;

– müştərək maliyyələşmə məbləği;

– qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş borc;

– “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

– Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;

 

– Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.

 

Qanunun 15-21.4-cü maddəsinə uyğun olaraq ilin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur.

 

Qanunun 15-9.1.6-cı maddəsində nəzərdə tutulmuş müştərək maliyyələşmə məbləği istisna olmaqla, 15-9.1-ci maddədə göstərilmiş digər mənbələrdən icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) bank hesabına toplanılır və Qanunun 15-21.1.1- 15-21.1.3-cü maddələrində göstərilən məqsədlər üçün istifadə edilir.

 

İcbari tibbi sığorta vəsaitləri, o cümlədən həmin vəsaitlər üzrə gəlir və xərclərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən aparılır.

 

İcbari tibbi sığorta vəsaitləri üzrə təqdim edilən hesabat Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat (əlavə olunur) auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

 

Hər təqvim ili tamamlandıqdan sonra, növbəti ilin ilk ayının 31-dən gec olmayaraq, Qanunun 15-10.1.1-ci maddəsinə əsasən Agentliyin hesabına ödənilmiş vəsaitlər üzrə Agentliklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, Qanunun 15-10.1.2- 15-10.1.7-ci maddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə isə Agentliklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında tutuşdurma Aktı tərtib edilir.

TEREFSİZ.AZ