Baş Prokurorluq: KİVDF-nin keçmiş direktoruna 4 maddə ilə cinayət işi açılıb

0
237

Ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan islahatlarla korrupsiyaya qarşı mübarizə tədbirlərinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır.

Terefsiz.az xəbər verir ki, prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə büdcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir:

“Həmin tədbirlərin davamı kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, daxil olmuş materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənmişdir.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda bildiririk ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən istintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən jurnalistlərə, eləcə də vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir”.

Qeyd edək ki, araşdırmalar Vüqar Səfərli KİVDF-nin icraçı direktoru olduğu dövrü əhatə edir və onun səlahiyyətlərində sui-istifadə etməsi ilə bağlı ölkə KİV-lərində zaman-zaman məlumatlar dərc edilib.