Bayden: “Sülh istəyən rusiyalılar bizim düşmənimiz deyil”

0
110

ABŞ Prezidenti Cozef Bayden sülh istəyən rusiyalılara müraciət edərək onları düşmən hesab etmədiyini bildirib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə dövlət başçısı Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ərəfəsində Polşanın paytaxtı Varşavada Kral Sarayının qarşısında çıxış edərkən danışıb.

“ABŞ, Qərb və ya Avropa ölkələri Rusiyaya nəzarət etmək istəmir, onu məhv etmək istəmirlər. Sülh içində yaşamaq istəyən milyonlarla rusiyalı bizim düşmənimiz deyil. Bu, Putinin seçimidir. Putinin müharibəsinin hər yeni günü Putinin seçimidir, sizin deyil. O bunu bir sözlə bitirə bilər”, – dövlət başçısı deyib.

Bayden tezliklə yeni sanksiyalar tətbiq edəcəyini qeyd edib: “Rusiya əsgərləri və muzdluları müharibə cinayətləri törədiblər, qadınları zorlayıblar, yaşayış evləri bombalayıblar, ukraynalı uşaqları oğurlayıblar. Heç kim gözünü bu cinayətlərdən çəkməməlidir”, – ABŞ Prezidenti vurğulayıb.

Bayden deyib ki, avtokratlara yol vermək olmaz, onlara ancaq “yox” demək olar: “Xeyr, siz mənim azadlığımı əlimdən almayacaqsız. Yox, sən mənim ölkəmi əlimdən almayacaqsan. Kobud güc heç vaxt azadlıq ruhunu sındıra bilməz. Ukrayna heç vaxt Rusiya üçün zəfər meydanına çevrilməyəcək”.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hələ də Qərbin “Ukraynanı dəstəkləyəcəyinə, birləşəcəyinə şübhə edir”: “Qoy şübhə etməsin. Biz yorulmayacağıq, geri çəkilməyəcəyik. Ukraynalıların ölkələrinə sevgisi qalib gələcək”.

Amerika lideri çıxışında Belarus və Moldova xalqlarını xatırladıb: “İgid Belarus xalqı hazırda diktaturaya müqavimət göstərir, Moldova Avropaya qoşulmaq istəyir və Rusiyanın təsiri altına düşmək istəmir”

Bayden tarixi çıxışını azadlığın əhəmiyyətindən bəhs edən sözlərlə bitirib: “Azadlıqdan daha yüksək qayə yoxdur. Amerika bunu bilir – siz də bilirsiniz. İndi nə ediriksə, uşaqlarımızın, nəvələrimizin bilməsi üçün edirik. Biz zülmətin deyil, işığın tərəfindəyik, zülmün deyil, azadlığın, köləliyin deyil, azadlığın”.

terefsiz.az