Birliktə rasional cəmiyyətə doğru

0
722

Birliktə, rasional cəmiyyətə doğru

Hər bir fərdin ideoloji, siyasi və dini görüşünün fərqliliyi ölkədə sivil mübarizəni sağlamlaşdıran amillərin başında gəlir. Hər kəsin eyni fikirdə olduğu cəmiyyətdə mübarizə düşüncəsi məhv olacaq və prinsip etibarilə cəmiyyətin inkişafı azalacaqdır. Əlbəttə ki, mübarizə aparmaq dediyim zaman sağlam mübarizəni nəzərdə tuturam. Təhqirə yol vermədən, milli, dini, ailəvi, ideoloji və siyasi dəyərlərə toxunmadan aparılan mübarizəni.

Fərdlərin ən təbii haqqı təmsil elədikləri topluluğun təbliğatını aparmalarıdır. Təbliğat zamanı diqqət edilməsi gərəkən nüanslardan biri və belə deyərdim ki, ən başlıca olanı isə görüşünə əks olan görüşə maksimum dərəcədə hörmət etməyindir .” Vətən xainləri istisna olmaqla”

Beləliklə, bizlər belə olduğumuz müddətdə birliktə, rasional cəmiyyətə doğru irəliləyirik. Mübarizəmiz Dövlətçilik maraqlarımızın naminə vahid düşmənə qarşı aparılmalıdır. Bir millətçi müharibə zamanı sırf millətçilər üçün savaşmaz. O bütövlükdə Azərbaycan üçün savaşır və bu yolda gərəkdiyi zaman canını ortaya qoyur.
Biz şəxslərin hər daim ideologiyalarının inkişafında böyük xidmətləri olduğunun,  amma ideologiyaların şəxslərdən daima yüksək olması prinsipi ilə çalışırıq.
Mübarizəmizi heç vaxt şəxsi mənafeyimiz üzərində deyil, yalnız ideoloji zəmində aparmışıq və bu daima belə olacaqdır.
Görüşlərin fərqliliyi ideologiyaların inkişafına əvəzsiz xidmət edir.

Milli – mənəvi dəyərlərə hörmət etdiyi müddətcə, dövlətimizin ərazi bütövlüyünün əksinə çağırışlar etmədikcə, başqa bir ölkəyə müstəmləkə olmaq istəmədikcə bir liberal, ateist, müsəlman, xristian, sol görüşlü biri heçbir zaman bizlər üçün təhlükə obyektinə çevrilmir.

Mənim üçün xoşdur cəmiyyətdə insanların ideoloji görüş bildirməsi. Ən azından ideologiya nədir bilən və özünü tapdığı ideologiyanı təbliğ edən gənclik var.
Dünyada var olan hər bir şeyin əksi yəni inkarı vardır.

Məsələn, yaxşı-pis, ağ-qara, dindar-dinsiz , iqtidar-müxalifət və başqaları.
Millətini, dövlətini sevməyin və vətənpərvər olmağın əksi isə vətən xainliyidir.

Mərdan Orucoğlu