Binəqədi rayonunda muğam konserti təşkil olunub

0
188

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbiri avqustun 9-da Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilib.

Terefsiz.az “Report”-a istinadən xəbər verir ki, tədbiri Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov açaraq qonaqları salamlayıb.

O, layihənin qəsəbə sakinləri tərəfindən maraqla qarşılandığını vurğulayıb. Bildirib ki, konsert proqramını izləmək üçün Binəqədi rayon sakinləri ilə yanaşı Bakı şəhər mədəniyyət evlərinin rəhbərləri də dəvət olunublar. Nitqinin sonunda direktor konsert proqramını izləməyə gələn qəsəbə ağsaqqalları və görkəmli ziyalılara təşəkkürünü bildirib.

Daha sonra maraqlı repertuardan ibarət konsert təqdim edilib. Konsert proqramında sevilən gənc xanəndələr xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramla qəsəbə sakinlərinin qarşısında çıxış ediblər. Bir-birindən maraqlı çıxışlar tamaşaçılara əsl yay istirahəti yaşadıb. Bu dəfə Binəqədi sakinləri qarşısında tarzən Rövşən Qurbanov və kamança ifaçısı Ceyhun Muradovun müşayiəti ilə xanəndələr Almaxanım Əhmədli, Ayşən Mehdiyeva və Valid Abdullayev çıxış edib. Xanəndələrin ifasında “Segah”, “Mahur”, “Şur”, “Bayatı Şiraz” təsnifləri, darəməd və rənglər səsləndikcə zaldan böyük alqışlarla mükafatlandırıldı. Tədbirin sonunda konserti izləməyə gələn qəsəbə sakinləri, “Binəqədi rayon “N” saylı hərbi hissənin əsgərləri, təşkilatçılara yaxınlaşıb öz minnətdarlıqlarını bildiriblər və musiqiçilərlə xatirə şəkli çəkdiriblər.