Bir ana övlad üçün kimdir?

0
419

İnsan ana (ata) olmadan, övlad və onun təlim-tərbiyəsi haqqqında uzun-uzun nələrsə deyə bilməz. Desə belə, təcrübə olmadan dəqiqliyi və ciddiyə alınması mübahisəli məsələdir. Dərd orasıdır ki, bu gün bizim toplumda “kimdə nə yoxdursa ondan danışır” misalı hökm sürür. Efirlərə baxırıq, ailəsi olmayan ailədən, övladı olmayan uşaq tərbiyəsindən, səsi olmayan oktavalardan, ruhu olmayan şeirdən danışır, fikir irəli sürür. Toplum da bunu izləyir, dinləyir. Ayırd edənlər də var, təbii.
Statusu olmayan şəxslər müəyyən məsələlər haqqında fikir söyləyə bilməzmi? Əlbəttə, bilər. Amma bu insan valideyn, ailə başçısı statusuna müvəffəq olmamış olsa belə, ən azından yüksək dəyəri və bəşəri mülahizələr etmiş, bu qavramların praktikasına yiyələnməsə də, nəzəriyyəsinə ciddi bələd olan biri olmalıdır.

Bir ana övlad üçün kimdir?

Öncə bu sualı aydınlaşdıraq. Ana statusunda olan bir şəxs kimi yazıram. Öncəliklə, ana övlad üçün yolgöstərən, bilgi yanlış və doğruları hiss etdirən, anladan biridir. Kompasdır ana. Bundan sonra övladın öyrədicisidir. Sonrasında əyləncə dostu, oyun yoldaşıdır.
Ən nəhayət, ana övlad üçün sığınacağı limandır. Bütün şərtlərdə övlad anaya sığınır – bəzən əsəbiləşən, qışqıran, hətta şiddət göstərən ana olsa belə. Tərif verəsi olsaq, ANA, qarşılıqsız sevginin ətə-sümüyə bürünmüş halıdır!
Bir oğlan uşağının qələmindən belə bir cümlə oxumuşdum: ana, gözləntisi olmadan börək bişirən insandır!
Bir də belə bir durum mövzu bəhsidir. Bioloji ana olmadan ana olmaq mümkünmü? Əlbət, mümkün! Çünki qadına analıq duyğusu fitrətən verilmişdir. Doğmasına gərək yoxdur. Elə möhtəşəm analar tanıyıram ki, övladlıq götürüb ana olan. Öz övladı olsa, ancaq bu qədər sevə biləcək olan. Məsələnin kökü qadının doğması deyil, analıq hissini qavraması və o hissi özündə kəşf etməsidir. Məncə, ən müdhiş ana doğmadan ana ola bilməkdir. Bu, daha kəskin, daha özdür. Sırf duyğudur, başdan ayağa hissdir, instinktir. Özündən olmayan bir uşağa analıq etmək,bu statusu özünə təlqin edib, yüksəyə çatdırmaq qadınlıqdır!
Bəs bir övlada necə tərbiyə vermək, onu necə böyütmək sualı ətrafında heç düşünmüsünüz mü? Mən hər zaman düşünürəm, özümdəki əksikləri götür-qoy edirəm. Elə bu yazını da ona görə sizlərlə paylaşıram.
Mənə görə, bir ana övladının öncə insan olması, insan kimi yetişməsi uğrunda savaşmalıdır. Bu savaşda şiddət, qorxu, təhdid və təhqir əsla yer almamalı. Çünki uşağın şüuraltı, informasiya toplamağa və onu ömürlük olaraq orada cəmləşdirməyə meyillidir. Ona travma yaşatsanız, travma, sevgiylə həyat versəniz, sevgi, hüzur, təhdid və təhqirlə yanaşsanız, ömrü boyunca etdiklərinizi yaşayacaq və yaşadacaq. Bu toplumda nə qədər travmalı insanlar var. Onlar doğuşdan elə olmayıb. Ən böyük düşmən sevgi əksikliyidir. Hər daim övladınıza sevgi verməlisiniz. Sevginin açmadığı qapı, sağaltmadığı xəstəlik yoxdur.
Şiddət! Ən böyük insan fəlakəti. Əsla! Övladınıza şiddət uyqulamayın. Bu, onun sonrakı həyatında ən güclü təsirdir. İnsanlıq halı, əsəbiləşə və ona əsəbinizi hiss etdirə bilərsiniz. Amma sonrasında onu qırmış, incitmiş olsanız belə, üzr diləməli, bağışlanmağınızı istəməlisiniz. Amma əsla əlləriniz onlara qarşı qalxmamalı! Bunun təlafisi olmayacaq!
Yeri gəldiyində özünüz psixoloq və psixiatr yardımı almalısınız. Bundan özünüzü çəkindirməyin.

Övladınızla özünüz arasında sərhəd saxlamayın. Nə kimi? Onun sizə hər şey danışmaq, paylaşmaq istəyini artırın. Həyatındakı ən önəmli insanın valideyn olduğunu, ilk onunla məsləhətləşməli, bölüşməli olduğunun fərqində olmasını təmin edin. Belə olan halda həyatdakı yanılqıları azalacaq.
Güvən! Qarşılıqlı hiss edilməsi gərəkən duyğu. Onun sizə güvəndiyi qədər, siz də ona güvənməlisiniz və övladınız bunu bilməli. Bilməlidir ki, anası (atası) ona güvənir, gözüqapalı ona etibar edir. Və bu güvən hissi onda daim məsuliyyət yaradacaq.
Hər şey bir-birilə o qədər bağlıdır ki. Ana olmaq güvənmək və güvən verə bilməkdir həm də. Hara qədər gedə biləcəyini və harada dayanması gərəkdiyini bilmək və bildirməkdir. Siz nəsinizsə, övadınız da o olacaq. Siz nə qədərsinizsə, övladınız da o qədər olacaq.

Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya