Bir az dərdləşək…
Bütün insanları sevirəm. Yalan kimi görünür, qeyri-səmimi görünür bunu da bilirəm. Mənə xəstəlik bəxş edəcək qədər ağır pisliklər edən insanlar olub. Heç bir günahım olmadan haqsızlıq edən insanlar olub. Onlara qarşı heç bir pis niyyətim olmadan mənə paxıllıq edən insanlar olub. Qüsurlarımla məni ələ salanlar olub. Onları necə, onları da sevirəm? Fərdiyyət kimi yox, əlbəttə. Amma insan kimi sevirəm, hə. Mənim özümə də qəribədir. Nədir qəribə olan? Mənə o qədər şey etmiş kəslərə necə kin bəsləmirəm? Ürəyimdə, ruhumda kin olmadığı üçün yalnız şükür edə bilərəm. Çünki mən kini digər insanlarda müşahidə etmişəm. Kin, bəslənilən digər mənfi hislər insanın ilk öncə özünə yükdür. İlk elə o hisləri bəsləyən insanı üzür.
Şablon danışıram, həyatdan küsmüş, əlini hər şeydən üzmüş insanlar üçün bu sözlərim zibil qutusuna atılan zibildən fərqsizdir. Hardan bilirəm? Çünki elə indiki vəziyyətim də küskündür. Kimdən küsmüşəm, nədən küsmüşəm? Əvvəllər Allahdan küsürdüm. Hər çətində Allahdan küsmək, ona üsyan etmək ən asanıdır. Zaman keçdikcə anladım. Allaha üsyan etmək, ondan küsmək ən axmaqca hərəkətdir. Uşaqlığımdan yadlara qarşı daha dözümlüyəm. Ən doğrusu, onların mənə etdiyi pisliklərə qarşı. Onların mənə etdiyini sevdiklərim etsəydi, yəqin ki, daha pis təsir edərdi. Əslində yəqin yox, dəqiq elədir. Qısacası, küsdüyüm insanlar içində yadlar olmayıb. Ümumiyyətlə, elə bir dövr gəlib çatdı ki, mən özümə bir sərhəd qoydum. O sərhəd yadlara icazə verməyəcəm ki, məni mübarizələrimdən geri çevirsinlər. Bu sərhəddimi hələki özümə pozmağa imkan verməmişəm.
Sevdiklərim… Bir də onlarla olan münasibətim var. Yadlara qarşı o sərhəddi qoysam da, sevdiklərimə bu sərhəddi qoymamışam. Onları dünyada hər şeydən çox sevirəm, hər şeydən çox sevdiyim insanların əlbəttə ki, səhvi məni elə hər şeydən çox incidəcək. Elə incidir də… Çox əzab çəkirəm. Sevdiklərimin mənə qarşı etdiyi hər haqsızlıq, hər səhv mənə çox əzab verir. Bu elə hər bir insan üçün də keçərlidir. Sizi də sevdiklərinizin etdiyi səhvlər, haqsızlıqlar hamıdan, hər şeydən çox incidir hə? Cavabınızı bilirəm… Bəlkə də mənim kimi həssas deyilsiniz. Bəlkə də məndən də həssas insansınız. Sizin sevdikləriniz siyahınıza kimlər aiddir? Mənim sevdiklərim siyahısı ailə üzvlərim, həyatımda bir kişi varsa, o və ən yaxın dostum aiddir.
Sevdiklərimin mənə ən pis təsir etdiyi şeyi məni olduğum kimi qəbul etməməlidir. Onlar daim mənim onların istədikləri kimi olmağımı istəyirlər. Əminəm ki, sizdən də bunu çox insan istəyib, gözləyib. Eh… Nə etmək olar? İnsan xarakterləri fərqlidir. Siz yaşadığınız hər hadisəni, öz etdiyiniz hər hərəkəti, başqalarının sizə qarşı etdiyi hərəkətləri analiz edirsiniz? Düşünürəm ki, bununla hər adam yormur özünü. Amma mən belə analizlərlə özümü çox yoruram. Məhz analizlərin nəticələri, cavabları mənim daha çox əzab çəkməyimə səbəb olur. Çünki bununla sevdiklərimin mənə qarşı önyargılı olması, etdiyi səhvlər mənə daha çox və daha pis təsir edir. Sizin üçün sizi üzən davranış və hərəkətlər, ailə üzvlərinizə aid deyilsə, ən çox yadlara aiddirsə, bununla bağlı bir şey deyə bilərəm ki, o yadların sevmədiyiniz hərəkətlərinin öhdəsindən gəlmək mümkünsüz deyil. Lakin sevdiklərinizlə bağlı olan problemlər daha çox əmək, zəhmət, əziyyət tələb edir. İnsan mənəvi cəhətdən daha çox yorulur. Mən ümid edirəm ki, Allahın iznilə, həyat mübarizəmizdən əl çəkməməklə, səbrli olmaqla problemlərimizin öhdəsindən gələ biləcik.
Bənövşə Mahmudqızı